Nisa surəsinin 60-cı ayəsinin təfsiri və onun bu günki həyatımızda tətbiqi.






    Nisa surəsinin 60-cı ayəsinin təfsiri və onun bu günki həyatımızda tətbiqi.


الحمد لله رب العالمين ، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين، وبعد

   Bir çox müsəlmanlar Nisa surəsinin 60-ci ayəsinin təfsiri və tətbiqi barəsində soruşurlar. Əslində məqalənin ilk başlığı uzun olduğu üçün qısa başlıqla əvəz etdim. İlk başlığı: "Dövlətin müxtəlif güc strukturları, təhsil və müalicə müəssisələri, ticarət və digər mövzulara dair məsələlərin həlli üçün  müsəlman qeyri-şər'i, yəni islami olmayan- dünyəvi məhkəmələrə müraciət edə bilərmi ?" 


          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Mövzunu bir neçə fəsilə böldüm.
Birinci fəsil: Nisa surəsinin 60-cı ayəsinin  təfsiri və həmin ayənin nazil olma səbəbi.

İkinci fəsil: Tağut kəliməsinin ərəb dilində mənası. Şər'i, yəni istilahi (termin olaraq)  açıqlaması. Mühakimənin səbəbləri və növləri.

Üçüncü fəsil: Məsələdəki ixtilaf və İxtilafın səbəbi. İxtilaf edən tərəflərin dəlilləri.

Dördüncü fəsil: Məsələdə olan fəsadlar. Ayənin həyatımızda tətbiqi.

Beşinci fəsil: Böyük alimlərin fətvaları. Qissələr. Xülasə.



     ┈┉┅━❈▫❈ 1 ❈▫❈━┅┉┈
     
Birinci fəsil: Nisa surəsinin 60-cı ayəsinin təfsiri və nazil olma səbəbi.

Uca Allah buyurur:


أَلَمْ تَرَ إِلَى الَّذِينَ يَزْعُمُونَ أَنَّهُمْ آمَنُوا بِمَا أُنْزِلَ إِلَيْكَ وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ يُرِيدُونَ أَنْ يَتَحَاكَمُوا إِلَى الطَّاغُوتِ وَقَدْ أُمِرُوا أَنْ يَكْفُرُوا بِهِ وَيُرِيدُ الشَّيْطَانُ أَنْ يُضِلَّهُمْ ضَلَالًا بَعِيدًا

"Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir."

📗 Bax: Qurani Kərim, Nisa surəsi, 60.

Onlar tağuta müraciət etmək istədikləri zaman Allah Təalə ayələr nazil edir.


وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا إِلَىٰ مَا أَنْزَلَ اللَّهُ وَإِلَى الرَّسُولِ رَأَيْتَ الْمُنَافِقِينَ يَصُدُّونَ عَنْكَ صُدُودًا

"Onlara: “Allahın nazil etdiyinə və Elçisinə tərəf gəlin!”– deyildikdə, münafiqlərin səndən nifrətlə üz çevirdiklərini görürsən."

📗 Bax: Ən-Nisa surəsi, 61.


فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّىٰ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوا فِي أَنْفُسِهِمْ حَرَجًا مِمَّا قَضَيْتَ وَيُسَلِّمُوا تَسْلِيمًا

"Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar."

📗 Bax: Ən-Nisa surəsi, 65.


          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

60- cı ayənin təfsiri:

Qeyd: Ayənin təfsiri üçün sayı ondan artıq təfsir kitabına müraciət etdim.

Ayənin təfsiri:

Sənə (Ey Məhəmməd) nazil edilənə (Qurani Kərimə) və səndən əvvəl nazil edilənlərə (Səmavi kitablara) iman gətirdiklərini iddia edənləri (onların haqq olduğunu bilən yəhudiləri və münafiqləri) görmədinmi? Onlar (münafiq və yahudi mübahisə etdikdə) mühakimə olunmaları üçün tağuta (Kəə'b bin əl-Əşrəf, kahinlərə, qeyri-şər'i qanunlara) müraciət etmək istəyirlər. Halbuki onlara (müsəlmanlara, kitab əhlinə və münafiqlərə) tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa (küfrə) salmaq istəyir.
   
    Ayədə ilk cümlədə sonuncu olan "görmədinmi?" sözü münafiqlərin halına və tutduqları mövqelərinə olan təəccüb və inkar əlamətidir. Çünki onlar Allahın hökmündən üz döndərib qeyri-şər'i hökmə üz tutdular. Halbuki onlara ona küfr etmək əmr edilmişdir. Şeytan onları haqq yoldan azdırmaq istəyir.

Tahir ibn Aşur "Onlar mühakimə üçün tağuta müraciət etmək istəyirlər .." sözünün təfsirində buyurub ki, "istəyirlər" yəni "sevirlər" bu isə qəlbdən gəlir.

📚 Bax: "Ət-Təhrir və Ət-Tənvir".

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Ayənin nazil olma səbəbi barəsində bir neçə rəvayət vardır. Onlardan bir neçəsini zikr edək.

Birinci rəvayət.
Ənsarlardan olan bir nəfərlə yəhudi arasında mübahisə baş verir. Yəhudi "Aramızda hakim Məhəmməd olacaq", deyir. Ənsar isə "Aramızda hakim Kəə'b bin əl-Əşrəf olacaq", deyir.

İkinci rəvayət.
İmam Şa'bidən rəvayət olunur ki, bir münafiqlə bir yəhudinin arasında mübahisə baş verir. Yəhudi öz aralarında hakim Məhəmməd olsun deyir, çünki peyğəmbərin rüşvət almadığını bilirdi. Münafiq isə hakimin öz camaatından olmasını tələb edir, çünki rüşvət alacağını bilir. Onlar mühakiməyə toplaşdığı zaman ayə nazil olur.

Üçüncü rəvayət.
Əd-Dəhhak deyir: "Bir münafiqlə bir yəhudi  arasında mübahisə baş verir. Onun həlli üçün yəhudi Peyğəmbəri seçir, münafiq isə Kəə'b bin əl-Əşrəfi, hansı ki, o, yəni Kəə'b bin əl-Əşrəf - Tağutdur."

Dördüncü rəvayət.
İbn Abbasdan rəvayət olunur ki, münafiqlərdən olan Bişr adında biri bir yəhudi ilə mübahisə edir. Yəhudi: "Gəl Məhəmmədin yanına gedək." - deyir. Münafiq isə: "Xeyr, gəl Kəə'b bin əl-Əşrəfin yanına gedək." - deyir. Uca Allah Kəə'bi Tağut adlandırır, yəni həddini aşan. Yəhudi isə peyğəmbərdən başqasının yanina getməyi rədd edir və yalnız peyğəmbərin hakim olmasını tələb edir. Onlar Peyğəmbərin yanına gəlir. Mühakimədə yəhudi qazanır.
Məhkəmədən çıxdıqdan sonra, münafiq deyir: "Mən onun oxuduğu hökm ilə razı deyiləm, gəl Əbu Bəkrin yanına gedək." Onlar Əbu Bəkrin yanına gəlirlər və mühakiməni yenə yəhudi qazanır. Münafiq yenə razılaşmır. Rəvayətin davamı olaraq Əz-Zəccəc rəvayət edir: "Münafiq: "Gəl Ömərin yanına gedək." deyir. Onlar Ömərin yanına gəlirlər. Yəhudi Ömərə deyir: "Biz Peyğəmbərin mühakiməsinə müraciət etdik, sonra Əbu Bəkrin. Bu adam isə onların mühakiməsi ilə razılaşmır." Ömər münafiqdən soruşur: "O düz deyir?" Münafiq: "Doğrudur" - deyir. Ömər deyir: "Gözləyin, indi gəlirəm" və qılıncının dalınca gedir. Qılıncla münafiqin başına vurub deyir: "Allah və Rəsulunun verdiyi hökmə tabe olmayanın cəzası budur!" Bunu görən yəhudi qorxaraq məkandan uzaqlaşır. Bu zaman ayə nazil olur. Bu hadisədən sonra Allah Təalə Ömərə "Faruq" ləqəbini verir. Cəbrail (aleyhis-sələm) enir və "Həqiqətən Ömər haqqla batili ayırdı" - deyir. Ona görə də, ona Faruq deyildi."

Beşinci rəvayət.
Münafiqlə bir yəhudi arasında mübahisə yaranır. Yəhudi deyir: "Gəl Peyğəmbərin yanına gedək." Yəhudi bilirdi ki, o, nə rüşvət alır nə də ki, hökm verdiyi zaman kiminsə tərəfinə meyl edir. Münafiq isə: "Gəl yəhudilərə müraciət edək." - dedi. Çünki yəhudilərin rüşvət götürdüklərini və hökm verəndə meyl etdiklərini bilirdi. Onlar Mədinədəki Güheyni kəndində olan kahinin yanına gedib onun verdiyi hökmü istəyirlər. Bu zaman ayə nazil olur. Cabir demişdir: "Tağut məhkəmələridən biri Guheynədə digəri isə, Əsləmdə yerləşirdi və hər kənddə bir kahin oturardı."

Altıncı rəvayət.
Əs-Suddi belə nəql edir: "Bir dəstə yəhudi İslam dinini qəbul edir. Onlardan bəziləri nifaq edir. Cahiliyyə dövründə Qureyz və ən-Nadr qəbiləsi arasında qanunlar var idi. Bənu Nadır qəbiləsi çoxluq təşkil edirdi.
   Onların qəbul etdiyi qanunlarından birinə görə əgər Qureyzlərdən biri Bənu Nadırdan bir nəfəri qətlə yetirərdisə ondan qisas alınardı və yaxud fidyə olaraq yüz vasq (ölçü vahidi) xurma götürülərdi.
Əgər Bənu Nadır Qureyzlərdən birini qətlə yetirərdisə ondan qisas alınmaz və fidyə olaraq yalnız 60 vasq alınırdı.

Bənu Nadırla əl-Aus qəbiləsi, Qureyzlərlə isə əl-Xəzrəclər dostluq edirdilər. İslam dini gələndən və Peyğəmbər Mədinəyə hicrət edəndən sonra Bənu Nadırdan biri Qureyzlilərdən birini qətlə yetirir. Bu məsələni həll etmək üçün onlar məhkəmə qurulmasını tələb edirlər.

Bənu Nadır: "Bir zaman sizinlə ittifaq etmişdik ki, qatil sizdən olarsa öldürülür, qatil bizdən olarsa öldürülmür. Verdiyiniz fidyənin miqdarı yüz, bizim verdiyimiz isə altmış olmalıdır." - dedilər.
   Xəzrəclər: "Sizin bu etdiyiniz əməl cahiliyyə dönəmində idi. Çünki siz o zaman çox, biz isə az idik. Siz bizə qarşı haqsızlıq etmişdiniz. Bu gün isə siz və biz qardaşıq. Dinimiz və dininiz birdir. Sizin bizim üzərimizdə heç bir üstünlüyünüz yoxdur." - dedilər.

Bənu Nadırdan olan münafiqlərdən biri dedi: "Gəlin kahin Əbu Burda əl-Əsləminin yanına gedək." Əbu Burda yəhudilərin mübahisəli məsələlərində hakimlik edirdi. Hər iki qəbilədən olan müsəlmanlar isə: "Xeyr, gəlin Peyğəmbərin yanına gedək" - dedilər. Münafiqlər müsəlmanların təklifləri ilə razılaşmadılar. Onlar Əbu Burdanın yanına, onun hökm verməsini istəməyə getdilər.

Bu zaman qisas ayəsi və 60-cı ayə nazil oldu.
"Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. (Yəni Kahinə və yaxud Kəə'b bin Əl-Əşrəfə) Halbuki onlara tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir."

📗 Bax: Ən-Nisa surəsi, 65.



          ┈┉┅━❈▫❈ 2 ❈▫❈━┅┉┈

İkinci fəsil: Tağut kəliməsinin ərəb dilində lüğəvi mənası. Şər'i yəni istilahi (termin olaraq)  açıqlaması. Mühakimənin səbəbləri.


Tağut sözünün ərəb dilində mənası "həddi aşmaq", "yüksəlmək" - deməkdir. Uca Allah buyurur:


إِنَّا لَمَّا طَغَى الْمَاءُ حَمَلْنَاكُمْ فِي الْجَارِيَةِ

"Su aşıb-daşdıqda Biz sizi üzən gəmidə daşıdıq."

📗 Bax: Qurani Kərim, Əl-Haqqa surəsi, 11-ci ayə.


          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Tağutun İstilahi (terminloji) mənasını isə ən gözəl izah edən ibn Əl-Qeyyim (Allah ona rəhmət etsin) bu barədə buyurub: "Qulun onun vasitəsilə öz həddini aşdığı hər bir məbud, tabe olunan və itaət edilən tağut adlanır."

Misal olaraq:

- İbadət olunan bütlər tağutdur.

- Zəlalət, bidət, küfr və şirk içində ibadət edən və həmin şeylərə dəvət edən alimə yaxud alimlərə - tağut deyilir.

- Halala haram, harama halal deyən və ona dəvət edənələrə - tağut deyilir.

- Əmr sahibinin ətrafında olan əlaltıları, alimləri əmr sahibini və ölkə əhalisini şəriətdən uzaqlaşdırmaq üçün qeyri-islami, qeyri-şər'i qanunların şəriətin qanunlarından üstün və yaxud ona bərabər olduğunu aşılayarsa,   yaxud bu dövrdə insanlara quraşdırılma qanunlar daha münasibdir deyərsə, bunu əmr sahibinə gözəlləşdirməyə çalışarsa, onlara da tağut deyilir.

- İslam qanunvericiliyinə - Şəriət deyilir. Allahın tənzim və tərtib etdiyi qanunlara müxalif olan, insanların tənzim etdiyi dünyəvi qanunları sevən və onları istəyərək tətbiq edənə - tağut deyilir.

Tağutların növləri çoxdur. Lakin əsası beşdir. Bu haqda İbn Əl-Qeyyim daha ətraflı kitablarında zikr edib.

📚 Bax: إعلام الموقعين


         ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Uca Allahın və Allah rəsulunun onları Tağut adlandırmasının səbəbi nədir ?

Səbəb: Çünki qeyri-islami qanunları insanlar tərtib edib. Kainatı yaradan Allah təalə isə qullarından onlara nazil etdiyi qanunların tətbiqini istəyir, tələb edir, başqa qanunların tətbiqini istəmir. Allahın qanunlarını yerinə yetirməyəni, müxalif olanı isə Allah təala - Tağut adlandırır, yəni həddini aşan.


          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Ayədə olan Tağut kəliməsinin mənası:

- Kəə'b bin əl-Əşrəfə Allah Təalə Tağut adını vermişdir. Səbəbi də budur ki, münafiqlər aralarında baş verən mübahisəli məsələlərdə onun hökm verməsini istəyirdilər. Kəə'b bin əl-Əşrəf özü hökm verməklə Allaha və rəsuluna asilik və ədəvət göstərmiş olurdu.

Böyük və mötəbər təfsir alimləri Kəə'b bin əl-Əşrəfin mislində olanları "Tağut" adlandırmışdırlar.


          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Mühakimənin səbəbləri.

Mühakimənin səbəbləri müxtəlif ola bilər. Misal olaraq müdafiə, zülmü aradan qaldırmaq, haqların qorunması, islah etmək və sairə.



          ┈┉┅━❈▫❈ 3 ❈▫❈━┅┉┈

Üçüncü fəsil: Məsələdəki ixtilaf və onun səbəbi. İxtilaf edən tərəflərin dəlilləri.


Bu məsələdə iki tərəf olmaqla alimlər fikir ayrılığına düşmüşlər.

Birinci rəyi dəstəkləyən alimlər, qeyri-islami məhkəməyə müraciət etməyin mütləq şəkildə qadağan olduğunu buyurublar.

İkinci rəydə olan alimlər isə, məsələyə təfsilat verməyin lazım olduğunu deyiblər.


Məsələdəki ixtilafın əsas səbəbi, alimlərin dəlilləri müxtəlif cür fəhm edib başa düşmələri, vaqeədə, baş verən hadisələrdə olunacaq tətbiqə müxtəlif tərzdə yanaşmalarıdır.

Gəlin hər iki tərəfin dəlillərinə baxaq. 



           ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Birinci rəydə olan alimlərin dəlilləri: 


Qurani Kərimdə olan ayələr.

1. Uca Allah buyurur:


إِنَّ اللَّهَ يَأْمُرُكُمْ أَنْ تُؤَدُّوا الْأَمَانَاتِ إِلَىٰ أَهْلِهَا وَإِذَا حَكَمْتُمْ بَيْنَ النَّاسِ أَنْ تَحْكُمُوا بِالْعَدْلِ ۚ إِنَّ اللَّهَ نِعِمَّا يَعِظُكُمْ بِهِ ۗ إِنَّ اللَّهَ كَانَ سَمِيعًا بَصِيرًا

"Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir."


يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الْأَمْرِ مِنْكُمْ ۖ فَإِنْ تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللَّهِ وَالرَّسُولِ إِنْ كُنْتُمْ تُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۚ ذَٰلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا

"Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır."


أَلَمْ تَرَ إِلَى الَّذِينَ يَزْعُمُونَ أَنَّهُمْ آمَنُوا بِمَا أُنْزِلَ إِلَيْكَ وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ يُرِيدُونَ أَنْ يَتَحَاكَمُوا إِلَى الطَّاغُوتِ وَقَدْ أُمِرُوا أَنْ يَكْفُرُوا بِهِ وَيُرِيدُ الشَّيْطَانُ أَنْ يُضِلَّهُمْ ضَلَالًا بَعِيدًا

"Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir."


وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا إِلَىٰ مَا أَنْزَلَ اللَّهُ وَإِلَى الرَّسُولِ رَأَيْتَ الْمُنَافِقِينَ يَصُدُّونَ عَنْكَ صُدُودًا

"Onlara: “Allahın nazil etdiyinə və Elçisinə tərəf gəlin!”– deyildikdə, münafiqlərin səndən nifrətlə üz çevirdiklərini görürsən."


فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّىٰ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوا فِي أَنْفُسِهِمْ حَرَجًا مِمَّا قَضَيْتَ وَيُسَلِّمُوا تَسْلِيمًا

"Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar."

📗 Bax: Qurani Kərim, Nisa surəsi, 58-61 və 65-ci ayələr.


2. Uca Allah buyurur: 


سَمَّاعُونَ لِلْكَذِبِ أَكَّالُونَ لِلسُّحْتِ ۚ فَإِنْ جَاءُوكَ فَاحْكُمْ بَيْنَهُمْ أَوْ أَعْرِضْ عَنْهُمْ ۖ وَإِنْ تُعْرِضْ عَنْهُمْ فَلَنْ يَضُرُّوكَ شَيْئًا ۖ وَإِنْ حَكَمْتَ فَاحْكُمْ بَيْنَهُمْ بِالْقِسْطِ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ

"Onlar yalana həvəslə qulaq asanlar və daima haram yeyənlərdir. Əgər onlar sənin yanına gəlsələr, aralarında hökm ver və ya onlardan üz çevir. Əgər onlardan üz çevirsən, sənə heç bir şeylə zərər verə bilməzlər. Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver. Şübhəsiz ki, Allah ədalətli olanları sevir."


إِنَّا أَنْزَلْنَا التَّوْرَاةَ فِيهَا هُدًى وَنُورٌ ۚ يَحْكُمُ بِهَا النَّبِيُّونَ الَّذِينَ أَسْلَمُوا لِلَّذِينَ هَادُوا وَالرَّبَّانِيُّونَ وَالْأَحْبَارُ بِمَا اسْتُحْفِظُوا مِنْ كِتَابِ اللَّهِ وَكَانُوا عَلَيْهِ شُهَدَاءَ ۚ فَلَا تَخْشَوُا النَّاسَ وَاخْشَوْنِ وَلَا تَشْتَرُوا بِآيَاتِي ثَمَنًا قَلِيلًا ۚ وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللَّهُ فَأُولَٰئِكَ هُمُ الْكَافِرُونَ

"Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. Allaha təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər. Onlar hamısı buna şahid oldular. İnsanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir."


وَكَتَبْنَا عَلَيْهِمْ فِيهَا أَنَّ النَّفْسَ بِالنَّفْسِ وَالْعَيْنَ بِالْعَيْنِ وَالْأَنْفَ بِالْأَنْفِ وَالْأُذُنَ بِالْأُذُنِ وَالسِّنَّ بِالسِّنِّ وَالْجُرُوحَ قِصَاصٌ ۚ فَمَنْ تَصَدَّقَ بِهِ فَهُوَ كَفَّارَةٌ لَهُ ۚ وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللَّهُ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ

"Biz Tövratda onlara yazıb buyurduq ki, cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş, vurulmuş yaralara da yaralar qisas alınmalıdır. Hər kəs bunu sədəqə etsə (qisasdan vaz keçsə), bu onun üçün kəffarə olar. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımlardır."


أَفَحُكْمَ الْجَاهِلِيَّةِ يَبْغُونَ ۚ وَمَنْ أَحْسَنُ مِنَ اللَّهِ حُكْمًا لِقَوْمٍ يُوقِنُونَ

"Onlar cahiliyyə dövrünün hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?"

📗 Bax: Qurani Kərim, əl-Məidə surəsi, 42, 44, 45 və 50-ci ayələr.


3. Uca Allah buyurur:


قُلْ إِنِّي عَلَىٰ بَيِّنَةٍ مِنْ رَبِّي وَكَذَّبْتُمْ بِهِ ۚ مَا عِنْدِي مَا تَسْتَعْجِلُونَ بِهِ ۚ إِنِ الْحُكْمُ إِلَّا لِلَّهِ ۖ يَقُصُّ الْحَقَّ ۖ وَهُوَ خَيْرُ الْفَاصِلِينَ

"De: “Mən Rəbbimdən nazil olan açıq-aydın bir dəlilə əsaslanıram. Siz isə onu təkzib etdiniz. Sizin səbirsizliklə can atdığınız əzab məndə deyildir. Hökm yalnız Allaha məxsusdur. Allah haqqı söyləyir və O, ayırd edənlərin ən yaxşısıdır."


أَفَغَيْرَ اللَّهِ أَبْتَغِي حَكَمًا وَهُوَ الَّذِي أَنْزَلَ إِلَيْكُمُ الْكِتَابَ مُفَصَّلًا ۚ وَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْلَمُونَ أَنَّهُ مُنَزَّلٌ مِنْ رَبِّكَ بِالْحَقِّ ۖ فَلَا تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ

"De: “Allah bu Kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?” Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil edilmişdir. Odur ki, şübhə edənlərdən olma."

📗 Bax: Qurani Kərim, əl-Ən'am surəsi, 57, 63, 114-cü ayələr


4. Uca Allah buyurur: 


مَا تَعْبُدُونَ مِنْ دُونِهِ إِلَّا أَسْمَاءً سَمَّيْتُمُوهَا أَنْتُمْ وَآبَاؤُكُمْ مَا أَنْزَلَ اللَّهُ بِهَا مِنْ سُلْطَانٍ ۚ إِنِ الْحُكْمُ إِلَّا لِلَّهِ ۚ أَمَرَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ

"Ondan başqa ibadət etdikləriniz sizin və atalarınızın adlandırdığınız adlardan başqa bir şey deyildir. Allah onlara dair heç bir dəlil nazil etməmişdir. Hökm yalnız Allahındır. O əmr etmişdir ki, yalnız Ona ibadət edəsiniz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir."


وَقَالَ يَا بَنِيَّ لَا تَدْخُلُوا مِنْ بَابٍ وَاحِدٍ وَادْخُلُوا مِنْ أَبْوَابٍ مُتَفَرِّقَةٍ ۖ وَمَا أُغْنِي عَنْكُمْ مِنَ اللَّهِ مِنْ شَيْءٍ ۖ إِنِ الْحُكْمُ إِلَّا لِلَّهِ ۖ عَلَيْهِ تَوَكَّلْتُ ۖ وَعَلَيْهِ فَلْيَتَوَكَّلِ الْمُتَوَكِّلُونَ

"O dedi: “Ey oğullarım! Şəhərə bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin. Allahın iradəsinə qarşı isə heç bir şeylə sizə fayda verə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər”.

📗 Bax: Qurani Kərim, Yusuf surəsi, 40 və 67-ci ayələr.


5. Uca Allah buyurur: 


وَكَذَٰلِكَ أَنْزَلْنَاهُ حُكْمًا عَرَبِيًّا ۚ وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُمْ بَعْدَمَا جَاءَكَ مِنَ الْعِلْمِ مَا لَكَ مِنَ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا وَاقٍ

"Beləliklə biz onu (Quranı) ərəbcə bir qanun olaraq nazil etdik. Əgər sənə gələn bu elmdən sonra onların istəklərinə tabe olsan, səni Allahdan nə bir himayə edən, nə də bir qoruyan olar."


أَوَلَمْ يَرَوْا أَنَّا نَأْتِي الْأَرْضَ نَنْقُصُهَا مِنْ أَطْرَافِهَا ۚ وَاللَّهُ يَحْكُمُ لَا مُعَقِّبَ لِحُكْمِهِ ۚ وَهُوَ سَرِيعُ الْحِسَابِ

"Məgər kafirlər Bizim, yer üzünə gəlib onu bəzi tərəflərindən azaltdığımızı (müsəlmanların ixtiyarına verdiyimizi) görmürlərmi? Allah istədiyi kimi hökm verir. Onun hökmünü ləğv edən olmaz. O, tez haqq-hesab çəkəndir."

📗 Bax: Qurani Kərim, Rad surəsi, 37 və 41-ci ayələr.


6. Uca Allah buyurur:


قُلِ اللَّهُ أَعْلَمُ بِمَا لَبِثُوا ۖ لَهُ غَيْبُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ أَبْصِرْ بِهِ وَأَسْمِعْ ۚ مَا لَهُمْ مِنْ دُونِهِ مِنْ وَلِيٍّ وَلَا يُشْرِكُ فِي حُكْمِهِ أَحَدًا

"De: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl görür, necə də yaxşı eşidir! Onların Ondan başqa heç bir himayədarı yoxdur. O, Öz mülkünə heç kəsi şərik etməz!”"

📗 Bax: Qurani Kərim, əl-Kəhf surəsi, 26 ayə.


7. Uca Allah buyurur:


وَهُوَ اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ لَهُ الْحَمْدُ فِي الْأُولَىٰ وَالْآخِرَةِ ۖ وَلَهُ الْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ

"O, Allahdır. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Dünyada da, Axirətdə də həmd Ona məxsusdur. Hökm Onundur və siz Ona qaytarılacaqsınız."

📗 Bax: Qurani Kərim, əl-Qasas surəsi, 70-ci ayə.


8. Birinci rəydə olan alimlər buyururlar ki, ayələrin nazil olmasının tarixinə baxanda görmək olar ki, ayələr Məkkə dövründə müsəlmanlar zəif olduğu zaman nazil olub. Onunla belə onlar kafirlərə və qeyri-şər'i qanunlara müraciət etmədilər. Çətinliklərə, əziyyətlərə səbr edib, Allaha təvəkkül etdilər.


9. Bəzi Nəcd alimləri Şeyx Suleyman ibn Səhman, Həməd əl-Atiq kimi alimlər zərurət hallarında Tağut məhkəmələrinə müraciət və mühakimə barədə soruşulduqda belə cavab vermişlər: "Tağut məhkəməsinə müraciət etmək böyük küfrdür, Uca Allah Qurani Kərimdə buyurur:


وَالْفِتْنَةُ أَكْبَرُ مِنَ الْقَتْلِ ۗ وَلَا يَزَالُونَ يُقَاتِلُونَكُمْ حَتَّىٰ يَرُدُّوكُمْ عَنْ دِينِكُمْ إِنِ اسْتَطَاعُوا ۚ وَمَنْ يَرْتَدِدْ مِنْكُمْ عَنْ دِينِهِ فَيَمُتْ وَهُوَ كَافِرٌ فَأُولَٰئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ ۖ وَأُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ

"... Fitnə isə qətldən də böyük günahdır”. Kafirlər bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər. Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və axirətdə puça çıxar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar."

📗 Bax: Qurani Kərim, əl-Bəqərə surəsi, 217-ci ayə.

... Küfr qətldən də böyük günahdır. Ayədə zikr olunan fitnənin mənası - küfrdür. Qazandığın dünya əldən getsə belə, ondan ötrü Tağutun məhkəməsinə müraciət etməməlisən! Hətta qazandığın malı itirməklə tağut məhkəməsinə müraciət etmək arasında bir seçimə məcbur edilsən birincini seçib bütün malından vaz keçmək sənə vacib olar. Tağutun məhkəməsinə müraciət etmə!"

📚 Bax: "Əd-Duraras-Səniyə".


             ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

İkinci rəydə olan alimlərin dəlilləri. 


Qurani Kərimdən dəlillər.

1. Uca Allah buyurur:


وَقَالَ لِلَّذِي ظَنَّ أَنَّهُ نَاجٍ مِنْهُمَا اذْكُرْنِي عِنْدَ رَبِّكَ فَأَنْسَاهُ الشَّيْطَانُ ذِكْرَ رَبِّهِ فَلَبِثَ فِي السِّجْنِ بِضْعَ سِنِينَ

"Yusuf onlardan qurtulacağını yəqin etdiyi kimsəyə dedi: “Ağanın yanında məni yada sal!” Lakin şeytan ona Yusufu ağasının yadına salmağı unutdurdu və o, zindanda bir neçə il də qaldı."

📗 Bax: Qurani Kərim, Yusuf surəsi, 42-ci ayə.

İmam Ət-Tabari və əl-Qurtubi təfsirlərində buyurublar ki : "Yusuf aleyhis-sələm onlardan qurtulacağını yəqin etdiyi kimsəyə dedi: “Ağanın yanında məni yada sal!” Mənim məzlum, günahsız və haqsız məhbus olduğumu Ağaya de."

📚 Bax: جامع البيان عن تأويل القرآن / الجامع لأحكام القرآن

Camaluddin Əl-Qasimi buyurur ki: "Bu ayə dəlildir ki, çətinliyin və qəmin aradan qalxması üçün müşrikdən belə vasitəçi kimi istifadə etmək olar."

📚 Bax: محاسن التأويل / القاسمي


Ayədə zikr olunan Misir hakimi müsəlman olmadığı halda Yusuf aleyhis-sələm günahsız oldugunu ərz etmək və özünə edilmiş haqsızlığın aradan qaldırılması üçün ona müraciət etdi. 


2. Uca Allah buyurur:


فَاتَّقُوا اللَّهَ مَا اسْتَطَعْتُمْ 

"Nə qədər bacarırsınızsa Allahdan qorxun."

📗 Bax: Qurani Kərim, ət-Təğabun surəsi, 16-cı ayə.


3. Uca Allah buyurur:


مَنْ كَفَرَ بِاللَّهِ مِنْ بَعْدِ إِيمَانِهِ إِلَّا مَنْ أُكْرِهَ وَقَلْبُهُ مُطْمَئِنٌّ بِالْإِيمَانِ وَلَٰكِنْ مَنْ شَرَحَ بِالْكُفْرِ صَدْرًا فَعَلَيْهِمْ غَضَبٌ مِنَ اللَّهِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ

"Qəlbi imanla sabit qaldığı halda haqqı danmağa məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır."

📗 Bax: Qurani Kərim, ən-Nəhl surəsi, 106-cı ayə.


4. Uca Allah buyurur:


لَا يَتَّخِذِ الْمُؤْمِنُونَ الْكَافِرِينَ أَوْلِيَاءَ مِنْ دُونِ الْمُؤْمِنِينَ ۖ وَمَنْ يَفْعَلْ ذَٰلِكَ فَلَيْسَ مِنَ اللَّهِ فِي شَيْءٍ إِلَّا أَنْ تَتَّقُوا مِنْهُمْ تُقَاةً ۗ وَيُحَذِّرُكُمُ اللَّهُ نَفْسَهُ ۗ وَإِلَى اللَّهِ الْمَصِيرُ

"Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsə bilsin ki, Allah ilə onun heç bir əlaqəsi yoxdur. Ancaq onlardan gələn təhlükədən çəkinməklə ehtiyat etməyiniz istisnadır. Allah sizi Özündən çəkindirir. Dönüş də ancaq Allahadır.

📗 Bax: Qurani Kərim, Ali İmran surəsi, 28-ci ayə.


5. Uca Allah buyurur:


يُرِيدُ اللَّهُ بِكُمُ الْيُسْرَ وَلَا يُرِيدُ بِكُمُ الْعُسْرَ 

"Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir."

📗 Bax: Qurani Kərim, əl-Bəqərə surəsi, 185-ci ayə.


6. Uca Allah buyurur:


وَالَّذِينَ إِذَا أَصَابَهُمُ الْبَغْيُ هُمْ يَنْتَصِرُونَ

"O kəslər üçün ki, haqsızlığa məruz qaldıqda intiqam alırlar."

📗 Bax: Qurani Kərim, əş-Şura surəsi, 39-cu ayə.


7. Uca Allah buyurur:


لَا يُحِبُّ اللَّهُ الْجَهْرَ بِالسُّوءِ مِنَ الْقَوْلِ إِلَّا مَنْ ظُلِمَ ۚ وَكَانَ اللَّهُ سَمِيعًا عَلِيمًا

"Allah pis sözün ucadan deyilməsini sevmir. Ancaq zülm olunan kimsələr istisnadır. Allah Eşidəndir, Biləndir."

📗 Bax: Qurani Kərim, ən-Nisə surəsi, 148-ci ayə.


Alimlər zikr olunan ayələrə əsasən müsəlmanın qəlbi imanlı olduğu halda, zərurət və ehtiyac varsa, qeyri-şər'i məhkəməyə, rəsmi dairələrə müraciət etmənin qadağan olmadığını buyurublar.



          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Peyğəmbərimizin ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədislərindən.

8. Peyğəmbərimiz ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Həbəşistan hakiminin (Bu günki Efiopiya) torpaqlarında heç kimə zülm olunmur!"

Peyğəmbərin ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zövcəsi Ummu Sələmə rəvayət edir ki, İslam dini ilk gəldikdə Məkkədə Peyğəmbərin ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələri iman etdikləri İslam dininə görə əziyyət çəkib, fitnələrə məruz qalırdılar. Peyğəmbərimiz ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onları müdafiə edə bilmədiyinə görə səhabələrə dedi: "Həbəşistan hakiminin torpaqlarında heç kimə zülm olunmur. Onun yanına hicrət edin və müsibətlər qalxana qədər orda qalın." Bu sözlərdən sonra səhabələr Həbəşistana dəstə-dəstə hicrət edirlər.

   Bunu öyrənən Məkkə Qureyşiləri muhacirləri geri qaytarmaq üçün Həbəşistan kralına Nəcaşiyə elçilər və hədiyyələr göndərirlər. Mühacirlərin arasında Əli bin əbu Talibin qardaşı Cəfər bin əbu Talib var idi. Qureyşin elçiləri Nəcaşidən mühacirləri geri qaytarmasını istədilər. O, Qureyşin elçilərini və muhacirləri dinləmək üçün bir məclisə toplayır. Qureyş tərəfindən danışanlar 'Amru ibn 'As və 'Ammara ibn əl-Valid idi. Mühakimə başlanır... Nəcaşi suallar verir.. ." Qissəni tam şəkildə Allah rəsulu ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həyatı barədə kitaba qayıdıb oxuya bilərsiniz. 

Qissənin dəlil təşkil edən hissəsi Cə'fər bin əbu Talibin Nəcaşinin yanında mühakimə olunması və hakimin onu dinləməsi idi. Nəcaşi müsəlman deyildi, kitab əhli idi. Buna rəğmən Cə'fər bin əbu Talib Nəcaşinin kafir olması səbəbilə onları mühakimə etməsinin batil olduğunu deyərək mühakimə olunmağa etiraz etmədi, razılıq göstərdi.

📚 Bax: Əl-Beyhəqi / Ət-Tabarani المعجم الكبير


9. Allah rəsulunun ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Məkkədə bəzi müşriklərin himayəsində olması hadisəsi.

İslam dini gəlməmişdən qabaq Qureyşilərdə olan ənənəyə əsasən himayə tələb edən şəxs kimliyindən asılı olmayaraq himayə olunur və onun haqları qorunurdu.

Buxari "Əl-Məğazi" (Döyüşlər) fəslində Cubeyir ibn Mut'imin atasından rəvayət edir: " Peyğəmbər ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Bədr döyüşü zamanı əsir düşənlərin azadlığa buraxılmasını Cubeyir ibn Mut'im sağ olub məndən istəsəydi onları ona verərdim." Peyğəmbərin ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu sözləri deməsinin səbəbi Peyğəmbərin Taif əhalisi tərəfindən qovularaq Məkkəyə döndüyü zaman Məkkə müşriki olan Cubeyir ibn Mut'imin himayəsinə keçməsi idi. Çünki bir çox Məkkə müşrikləri Peyğəmbəri himayəyə götürməkdən çəkinirdilər. Allah rəsulu ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Məkkəyə gecə vaxtı daxil olur. Səhər açılanda isə Cubeyir ibn Mut'im altı övladı ilə qılıncıları ilə Məscidul Harama daxil olub və Allah rəsuluna ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyur Tafav et, dedilər. Onlar Peyğəmbəri qorudular. Bunu görən abu Sufyan Cubeyir ibn Mut'imə: "Himayənə aldın yoxsa ona təslim oldun?", yəni islam dinini qəbul etdinmi, soruşdu. O, dedi: "Xeyr, himayəmə aldım." Cubeyir ibn Mut'im Allah rəsulu ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Tavafı quratarana qədər Haramda oturdu. Allah rəsulu ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Mədinəyə hicrət etdikdən sonra Cubeyir ibn Mut'im vəfat etdi.

📚 Bax: Buxari. البداية والنهاية ـ زاد المعاد


10. "Əl-Mutıybin" və "Əl-Fudul" ittifaqı.

Cahiliyyə dövründə Qureyş tayfası məzlumların haqqlarının qorunması üçün "əl-Mutıybin" və "əl-Fudul" ittifaqı yaratmışdılar. Allah rəsulu ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) uşaq olarkən əmiləri ilə birlikdə həmin ittifaqda iştirak etmişdir. Bu ittifaq indiki "İnsan hüquqlarının müdafiəsi təşkilatı" kimi müəssisələrdən biri idi. Həmin ittifaqı müşriklərinin idarə etmələrinə baxmayaraq Allah rəsulu ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həmin itiffaqı tərifləmişdir. 

Məsələnin dəlil təşkil edən tərəfi Allah rəsulunun ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu ittifaqı tərif etməsi idi. Çünki onlar məzlumun haqqlarını qoruyar, zalımı cəzalandırardılar. Allah rəsulu ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həmin itiffaqın İslam dininin qayələrinə zidd olmadığı üçün bəyənib tərifləmişdir.

📚 Bax: السيرة البنوية ـ ابن هشام



    ┈┉┅━❈▫❈ Dini qaydalar ❈▫❈━┅┉┈

İndi isə məsələ ilə bağlı bir neçə dini qaydaları zikr edək:

Birinci qayda


عموم البلوى 

Transkripsiya: " 'Umumul-bəlvə".

Tərcümə: "Ümumi bəlanın yayılması."



2. Qayda:


الضرر يزال 

Transkripsiya: "Əd-Darar yuzəl".


Tərcümə: "Zərərin qabağı alınmalıdır."



3. Qayda:


ما لا يدرك جله، لا يترك كله

Transkripsiya: "Məə ləə yudrak julluhu, ləə yutrək kulluhu"


Tərcümə: "Vacibatların hamısını yerinə yetirmək mümkün olmadığı halda hamısı tərk olunmaz."



4. Qayda:


الضرورات تبيح المحظورات 

Transkripsiya: "Əd-Dərurat tubihu əl-Məhzurat".


Tərcümə: "Zərurət halında haramlar mubah olur (yəni icazəli)".



5. Qayda:


المشقة تجلب التيسير

Transkripsiya: "Əl-Məşaqqatu taclibut-teysir".


Tərcümə: "Məşəqqət yüngüllük tələb edir."



6. Qayda:


أن الأمر إذا داق اتسع

Transkripsiya: "Ənnə əl-amra izə daqə, ittəsə'ə".


Tərcümə: "Bir məsələ daraldığı (çətinləşdiyi,  imkanlar kasadlaşdığı) halda, ona geniş yanaşmaq lazımdır."



7. Qayda:


الواجبات تسقط بالعجز عنها 

Transkripsiya: "Əl-Vacibət təsqutu bil əczi 'anhə".


Tərcümə: "Vacibatlar acizlik halında (insanın boynundan), (hökmdən) düşər."



8. Qayda:



رفع الحرج عن المكلفين مقصد من مقاصد شارع العظيم 

Transkripsiya: "Raf'ul hərəci 'anil mukəlləfin maqsadun min maqasıdı şəəriəl-azım".


Tərcümə: "Mükəlləflərin üzərindən çətinlikləri qaldırmaq şəriətin əzəmətli məqsdələrindəndir."



9. Qayda:



يقال في باب الحاجات والضرورات ملحة ما لا يقال في باب السعة والاختيار 

Transkripsiya: "Yuqalu fi bəbil-həəcəət vəd- dəruraat mulihə məə ləə yuqalu fi bəbis-si'ati vəl-ixtiyar".


Tərcümə: "Təcili, ehtiyac və zərurət hallarında məsələlər, genişlik və seçim imkanları olan hallardakı kimi deyildir."



10. Qayda:


مقاصد الشريعة 

Transkripsiya: "Maqasıd əş-Şəri'ə".


Tərcümə: "Şəriətin məqsədləri (hədəfləri).


İslam dininin əsas məqsədləri, əsas qayəsi insanın - dinini, canını, ağlını, namusunu və malını qorumaqdır.

   Bu dini qaydalar ümmətin mötəbər alimləri tərəfindən bu məsələyə dəlil olaraq zikr edilmiş və İslam məhkəmələri olmadığı təqdirdə insanların ehtiyacı zamanı onlara müraciət etməyin icazəli olduğuna fətva vermişlər.

   Əbu Mə'ali əl-Cuveyni (Allah ona rəhmət etsin) dedi: "Biz yəqin olaraq bilirik ki, Şəriət (İslam qanunları) insanların həlak olmasını istəmir. Haramların insanları əhatə etdiyi zaman halala əl  çatmırsa, insanlara ehtiyac olduğu qədər o haramı etmək icazəlidir.

📚 Bax: غياث الأمم في التياث الظلم

   Əhməd ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: "İslam dini məsləhətli olan qanunların artırılması və təkmilləşdirilməsi, fəsadların yox edilib maksimum azaldılması üçün gəlib. İslam qanunları xeyirlərdən ən xeyirlisini önə çəkmək, şərlərdən ən şərlisini dəf etmək üçün gəlib. Ən əzəmətli olan məsləhəti önə çəkmək və ən böyük fəsadı azaltmaq üçün gəlib."

📚 Bax: مجموع الفتاوى



 ┈┉┅━❈▫❈ Tarixi Hadisələr ❈▫❈━┅┉┈ 


Bundan qabaq səhabələrin həyatından bəzi tarixi hadisələri zikr etmişdim. İndi isə məsələ ilə bağlı şeyxul-islam Əhməd ibn Teymiyyədən (Allah ondan razı olsun) bir neçə tarixi hadisəni zikr edim. 


   Müsəlmanların Tatar-monqollarla savaşında əsir düşmüş müsəlman və zimmilərin azad buraxılması üçün Əhməd ibn Teymiyyə (Allah ondan razı olsun) Qatluşah və Bulayının məclisində əsir düşənlərə vəkillik edir. Hüquqlarını qorumaq üçün sözünü çəkinmədən deyirdi. Şeyxin bu hərəkəti alimlər tərəfindən təriflənmiş və ona "Tağuta müraciət etdin, kafirsən!" - deməmişdilər. 


İbn Teymiyyə (Allah ondan razı olsun) Kiprin kralına nəsrani Serjuvasın əlinə düşmüş müsəlman əsirlərin azad buraxılması üçün mülayim şəkildə xitab edərək məktub yazır. Həmçinin bundan dolayı alimlər ona "Tağuta müraciət etdiyin üçün kafirsən!" - demədilər. 

 Bu kimi tarixi hadisələr az deyil. Hamısını burada zikr etmək mümkün deyil. Əfsuslar olsun ki, bir çox müsəlmanlar bu hadisələrdən xəbərsizdirlər. Yaxud məsələnin dəqiqliyini anlaya bilmirlər. 

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Faydalı elm.. Hətta həmin dünyəvi məhkəmələrdə haqqını müdafiə edən adama zülm olunarsa, əziyyət verilərsə yaxud öldürülərsə - ona savab və əcr yazılır, həmçinin o şəhidlərdən hesab edilir. Çünki Allah rəsulu ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) şəhidlər kimlərdir soruşulduqda, Peyğəmbərimiz ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun): "..Zalım hakimin qarşısında haqlı olduğunu isbat etdikdə ona zülm edilərsə şəhiddir.." buyurub. Başqa bir rəvayətdə isə: "Ən əfzəl cihad nədir?" - deyə soruşulduqda,  Peyğəmbərimiz ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) "Zalım hakimin qarşısında haqqı deməkdir!" - buyurmuşdur. Bu savab, əcr və şəhidlik məqamı nəinki hüququnu qoruyan insana, həmçinin onun hüquqlarını müdafiə edən hakim, vəkil və başqalarına aiddir. 



     ┈┉┅━❈▫❈ 4 ❈▫❈━┅┉┈ 


Dördüncü fəsil: Məsələdə olan fəsadlar. Ayənin müasir həyatımızda tətbiqi. 


   Şəkk yoxdur ki, məsələnin əsli etibarilə qeyri şəri',  yəni hökm verərkən Qurana və Peyğəmbərimizin ﷺ hədislərinə istinad etməyən məhkəmələrə müraciət etmək icazəli deyildir. Amma yaşadığın diyarda islam məhkəməsi yoxdursa bu zaman qeyri-şər'i məhkəmələrə, dövlətin rəsmi strukturlarına müraciət etməyin dini hökmü - icazəlidir. 


           ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Müraciət etməmənin bir necə fəsadlarını qeyd edək: 

- Müsəlmanın haqları digər müsəlman və ya qeyri müsəlman tərəfindən pozularsa, ona "Sus!", "Müraciət etmə!" - demək haqqın təkrar-təkrar pozulacağı və bu şər qapılarının rahatca açılacağı deməkdir.  


- Zalımın qarşısını almamaq - çox müxtəlif dini və dünyəvi fəsadların törədilməsinə yol açmaqdır. 

Dünya xəritəsinə baxanda bir çox müsəlman ölkələri görünsə belə, göstəricilərdə müsəlmanların sayı bir milyardı keçsə belə, islam məhkəmələrin sayı təsəvvür edilməz dərəcədə azdır. İslam məhkəmələri hal hazırda Səudiyyə Ərəbistanında, Nigeriyanın bəzi vilayətlərində və Ərəb Əmirliklərində alə xüsus Şəriqa şəhərində və həmçinin Dubayda mövcuddur.

Unutmamaq lazımdır ki, dünyada bir milyarddan artıq müsəlman vardır. Bu müsəlmanların haqları, dini və dünyəvi məsələləri vardır. Onlara -İslami olmayan məhkəmələrə müraciət etmək qadağandır, olmaz- deyilsə, böyük fəsadlar ortaya çıxar. Müsəlmanların haqları tapdanar, onlar müdafiə olunmaz, dünya işləri dayanar.  


           ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈ 


Məsələ ilə bağlı təəccüblü hal budur ki, bəzi qardaşlar sosial şəbəkələrdə yaxud açıq məclislərdə iştirak edərək, hamının önündə bu məsələdə icazəli olan tərəfə irad tutur. Halbuki, özlərinə lazım olanda lazımı qədər müraciət edib istifadə edirlər. 

Onlara deyəndə: "Bəs siz niyə edirsiz?" Onlar: "Biz ikrah halındayıq", deyirlər. Əfsuslar olsun ki, onlar nə ikrah halını nə onun növlərini, nə də ki, qisimlərini, hətta dini tərifini belə bilmirlər. Ən qəribəsi özlərinin ikrah altında olduqlarını görürlər lakin başqaları üçün bunu görmək istəmirlər. Çox maraqlıdır ki, onların özləri üçün dedikləri "İkrah halı" - dini baxımdan əsla ikrah halı sayılmır. 


Sübut olaraq göstərmək olar ki,  onlar şəxsiyyət vəsiqəsi, xarici pasport, sürücülük vəsiqəsi, sosial müavinət və təqaüd, işıq, qaz, su təminatı, alqı-satqı aktı və sair xidmətlər üçün dövlətin müxtəlif strukturlarına məcburən deyil, azad və sərbəst olaraq müraciət edirlər. İndi sual verilir, hanı ikrah halı?!


         ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈ 

Beşinci fəsil: Böyük alimlərin məsələ ilə bağlı fətvaları. 


1. Böyük alimlər heyətinə sual verilir: "Talaq, ticarət və digər dünyəvi işlərlə bağlı Amerikadakı qeyri-şər'i məhkəmələrə müraciət etməyin dində hökmü nədir?" 

Cavab: "Müsəlmana şər'i olmayan (yəni qeyri-islami) məhkəmələrə müraciət etmək olmaz.  Əgər İslam məhkəmələri yoxdursa, zəruri hallarda müraciət etmək olar. Lakin məhkəmə insanın haqqı olmayan bir şeyə hökm verərsə o hökmü də qəbul etmək olmaz. Müvəffəqiyyət Allahdandır." 

AbdulƏziz ibn Baz, Bakr Abu Zeyd, Saleh Əl-Fauzan, AbdulAziz Əli-əş-Şeyx.  

📚 Bax: فتاوى اللجنة الدائمة للبحوث العلمية والإفتاء 



2. Şeyx AbdulƏziz ibn Bazdan (Allah ona rəhmət etsin) əgər bir müsəlman öz ölkəsində İslam məhkəmələri, yəni şəriət məhkəmələri olmadığı üçün dünyəvi məhkəmələrə müraciət etdiyi üçün kafir olurmu? 

Cavab: "Əgər müsəlman haqqını yalnız bu yolla bərpa edə bilirsə, ehtiyac və zərurət vardırsa, əlbəttə kafir hesab edilmir. 

📚 Bax: Fətvanın tarixi 1407/6/6 (Nömrə 2151). 


3. Eyni sual Şeyx AbdurRahman bin Nasır Əl-Barraka soruşulmuşdur. Şeyx cavabında buyurur: "Malına, canına və sairə zülm  olunduğu halda bu zülmü aradan qaldırmaq üçün müraciət etmək icazəlidir və onun bu müraciəti "Tağuta müraciət" deyildir. "Tağuta müraciət" - sözü Qeyri-şər'i qanunları sevən, onları şəriətdən üstün tutan insana aid edilər. Bilmək lazımdır ki, həmin məhkəmələrə zərurət olduğu üçün müraciət edilir. Çünki müsəlmanlar müraciət etməzsə cinayətkarlar daha da çox fəsad edər və bununla insanlara əziyyət verərlər." 

📚 Fətvanın tarixi 1426/10/06 


4. Böyük alimlər heyətinə sual verildi: "Dünyəvi (yəni qeyri islami) qanunları öyrənmək, həmçinin hakim, vəkil və digər qanunlarla bağlı sahələrdə çalışmaq icazəlidirmi?" 


Cavab: "Bu qanunları öyrənmək istəyən insanın (dini) fikirləri sağlam və salamatdırsa, elmli və bacarıqlıdırsa, haqqı batildən və batili haqdan ayıra bilirsə, özünü zəlalətdən və fitnələrdən kifayət qədər qoruyucaq dini elmdən məlumatlıdırsa, öyrəndiyi qanunlar İslam dini üçün, insanların dünya və axirəti üçün fayda olsun deyə (müsəlmanlara fayda vermək üçün) öyrənirsə, haqqı sahibinə qaytarmaq, məzlumu, haqlı olanı müdafiə etmək, zalımı durdurmaq üçün öyrənirsə, bu halda icazəlidir. Əks halda icazəli deyildir. Dəlil də Uca Allahın bu ayəsidir: 


وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَىٰ ۖ وَلَا تَعَاوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ ۚ وَاتَّقُوا اللَّهَ ۖ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ 

"Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.

📗 Bax: Qurani Kərim, əl-Məidə surəsi, 2-ci ayə. 

Fətvanı İbn Baz, AbdurRazzaq Afifi, Abdullah Ğudəyyan və Abdullah bin Qu'ud vermişdir.  

📚 Bax: فتاوى اللجنة الدائمة للبحوث العلمية والإفتاء 



5. Oxşar sual Şeyx Saleh ibn Useyminə verilmişdir. Şeyx həmin şərtlərlə olarsa eyb etməz deyə buyurmuşdur.  

📚 Bax: لقاء باب المفتوح شريط 33 


Həmçinin Şeyx ibn Useymin bu haqda danışarkən ibn Əl Qeyyimin "Ət-turuq Əl-hukmiyyə" kitabının ilk səhifələrində yer alan növbəti sözlərini nəql edir: – "Fəqihlərin (yəni alimlərin) arasında bunun icazəli olmadığını deyənlər vardır. Lakin belə olsa insanların vəziyyəti düzəlməz, çünki qeyri- şər'i qanunları tətbiq edənlər çoxdur. Onlara müraciət etmək sənin üçün icazəlidir, lakin haqqın olmayan bir şeyə hökm verilsə onu qəbul etməməlisən. ...

📚 Bax: الشرح الممتع 


6. Həmçinin bənzəri sual Şeyx Saleh Əl-Fauzana verildi. Şeyx eyni cavabı deyib dəlil olaraq da ayəni zikr etdi. Allah təala buyurur: 


إِنَّا أَنْزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ لِتَحْكُمَ بَيْنَ النَّاسِ بِمَا أَرَاكَ اللَّهُ ۚ وَلَا تَكُنْ لِلْخَائِنِينَ خَصِيمًا 

"Həqiqətən, Biz sənə Kitabı haqq olaraq nazil etdik ki, insanlar arasında Allahın sənə vəhy etdiyi ilə hökm verəsən. Odur ki, xainləri müdafiə edənlərdən olma.

📗 Bax: Qurani Kərim, ən-Nisə surəsi, 105-ci ayə. 

Həmçinin şeyx digər ayəni zikr edir. 


..فَإِنْ كَانَ الَّذِي عَلَيْهِ الْحَقُّ سَفِيهًا أَوْ ضَعِيفًا أَوْ لَا يَسْتَطِيعُ أَنْ يُمِلَّ هُوَ فَلْيُمْلِلْ وَلِيُّهُ بِالْعَدْلِ 

"..Əgər borc alan ağıldan zəif və ya acizdirsə və yaxud özü yazdırmağa qadir deyilsə, qoy onun etibarlı yaxın adamı borcu ədalətlə yazdırsın...

📗 Bax: Qurani Kərim, əl-Bəqərə surəsi, 282-ci ayə. / və "Əl-Muntaqa" المنتقى 


7. Şeyx Saleh Əli-Şeyxdən məclislərin birində Tağutun məhkəməsinə müraciət etmək olarmı deyə soruşulduqda şeyx iki şərtlə caiz olduğunu vurğuladı. 

Birinci şərt : İslam məhkəmələrin olmaması və yaxud onların əlçatımlı olmaması. 

İkinci şərt : Haqqın olmadığı bir şeyə hökm oxunsa onun qəbul edilməməsi. 


8. Oxşar sualı Şeyx Abdullah bin AbdurRahman Əl-Cibrinə verdilər. Şeyx eyni cavabı verdi. Həmçinin şeyx - "Bu günlərdə bir çox islam ölkələrində qeyri-islami məhkəmələrin olduğunu müşahidə etmək olar. Şəkk yoxdur ki, islam məhkəmələri olmadığı təqdirdə dünyəvi məhkəmələrə müraciət etmək zəruri olduğu üçün icazəlidir. Qaydaya əsasən! Əgər zərurət, ehtiyac varsa haram mubaha çevirilir"- deyə buyurdu. 1426/12/23. 



      ┈┉┅━❈▫❈ Xülasə ❈▫❈━┅┉┈ 

Xülasə olaraq aşağıdakıları bilmək lazımdır. 


1. Məsələ ictihadi məsələdir. 


2. Müsəlmana qeyri-islami yəni dünyəvi məhkəməyə müraciət etmək, orada çalışmaq Qurani Kərimin hökm ayələrinə əsasən yəni əslə qaytararaq caiz deyil. Zərurət və ehtiyac olan hallar isə istisnadır. 


3. Qurani Kərimin ayələrinə və hədislərə, şəriətin qaydalarına və alimlərin fətvalarına əsasən, fəsadların nəticələrini gözə alaraq, şəriət məhkəməsi olmadığı təqdirdə müsəlmanların qeyri-islami məhkəmələrə müraciət etməsi, şəkk yoxdur ki, icazəlidir. 


4. Zərurət və ehtiyac halında müraciət etməyin haram olduğunu etiqad edənlər digər rəyi etiqad edən müsəlmanların hüquqlarının müdafiəsinə mane olmaqla, söz-söhbət və fitnə törətməklə, şübhə ilə və elmsiz danışmaqla onlara əziyyət vermiş olurlar.

   Həmçinin onlar müsəlmanların həyatının, ağıllarının, dinlərinin, qeyrət və mallarının təhlükəyə atılmasına səbəb olurlar. Halbuki ki, o haqların qorunması İslam dininin məqsədlərindəndir. Allah rəsulu buyurub: "Müsəlman o kəsdir ki, müsəlmanlar onun dilindən və əlindən salamatdırlar."  

📚 Bax: Buxari və Muslim.


5. Zəruriət və məcburiyyət halında bir şəxs müraciət edərsə, ona "Tağuta müraciət etdiyin üçün kafirsən" -deyilməsinə gəlincə isə alimlərin rəyinə əsasən bu, həm dinlə həm də ağılla ziddiyət təşkil edir. 


6. Bilmək lazımdır ki, vəkil təkcə bir tərəfin müdafiəçisi deyildir. Vəkilin iş sahəsi genişdir. Onun işi insanlar arasında sülh etmək, zəifi müdafiə etmək, haqsızlığa qarşı çıxmaq, məsləhət vermək, mövcud dünyəvi qanunvericiliyə təklif və düzəlişlər etmək kimi bir çox mövzunu əhatə edir.  


7. İbn Əl-Qeyyim buyurur: "Siyasət iki hissədən ibarətdir. Şəriətin qadağan etdiyi, zalım siyasət və şəriətdən hesab olunan haqqı zalımın əlindən alan adil bir siyasət . Bunu öyrənən bilər, öyrənməyən bilməz." 

📚 Bax: الطرق الحكمية 


Həmçinin ibn Əl-Qeyyim buyurur: "Biz deyirik ki, adil olan siyasət şəriətin bir parçasıdır, bablarından- fəsillərindən biridir. Ona nə ad verirsiz verin..." 

📚 Bax: إعلام الموقعين 


8. İnsanlar arasında mübahisəli məsələlər olub, olur və olacaqdır. Bundan qaçmaq mümkün deyil. Həmçinin insanlar dövlətlərin tərtib etdiyi qanunlara riayət etmək məcburiyyətindədirlər. Elə bir iş yoxdur ki, orada sənəd işi tələb edilməsin. Adicə işlətdiyin telefon və telefonda olan müasir proqramları almaq və yaxud pulsuz endirmək üçün hökmən qoyulan şərtlərə boyun əyməlisən və bunu edirsən. Geydiyin paltar, ağzına apardığın çörək, içdiyin su, dərmanlar, alıb-satdığın əşyalar və sairə- bunlar hamısı o nizam və qanunlara əsasən sənə gəlib çatıb. Bunların hamısını edirsən və sənə heç bir alim "Sən Tağuta müraciət etdin, kafirsən!" - demir. 

9. Əgər iki adamın arasında dinindən aslı olmayaraq, dünyəvi mübahisə yaranarsa, onu Allah Təalə buyurduğu kimi həll etsinlər. Allah təala buyurur: 


يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الْأَمْرِ مِنْكُمْ ۖ فَإِنْ تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللَّهِ وَالرَّسُولِ إِنْ كُنْتُمْ تُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۚ ذَٰلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا 

"Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.

📗 Bax: Qurani Kərim, Ən-Nisə surəsi, 59-cu ayə. 

Əgər onlar cahillikdən, nəfslərinə görə və sair səbəblərdən mübahisəni həll edə bilməsələr, o zaman haqların qorunması üçün qeyri-islami məhkəmələrə müraciət edə bilərlər. 



Allah daha yaxşı bilir. 



والله أعلم ، وصلى الله على نبينا محمد وعلى آله وأصحابه أجمعين

              ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈