Vəlisi olmayan müsəlman qadına evlilik və ya boşanmada kim vəli ola bilər?



Vəlisi olmayan müsəlman qadına evlilik və ya boşanmada kim vəli ola bilər? Həmin vəlinin əhkam və sifətləri necədir?

Nigahda əsas şərt vəlinin olmasıdır. Vəlisiz nigah batil sayılır.
Müsəlman qadının nigahında vəlisi müsəlman olmalıdır. Müsəlmanların icma etdiyi rəy ilə, müsəlman qadına qeyri-müsəlman vəli ola bilməz.

Sual: Allahın qanunları tətbiq olunmayan ölkələrdə müsəlman qadının nigahında şəri vəlisi yoxdursa, (yəni, atası, qardaşı, babası, əmisi və sair) onda onun vəlisi kim ola bilər?
Qeyd: qadının ana tərəfindən dayısı, babası və sair (istisna hallardan başqa) vəli hesab olunmur.

Cavab: Müsəlman qadının nigahında şəri vəlisi olmayanda, onun vəlisi:
məscid imamı ola bilər, əgər o, yoxdursa,
hər hansı islam cəmiyyətin müdiri və ya köməkçisi ola bilər, o da yoxdursa,
-şəriəti bilən elmli birisi ola bilər, o da yoxdursa,
müsəlmanlardan adil olan birisi vəlilik edə bilər.
İbn Sirindən رحمه الله soruşuldu:
"...vəlisi olmayan qadına adil müsəlman vəlilik edir, ibn Sirin eyb etməz, buyurdu və möminlər bir-birinə vəlidirlər, dedi".

📚 Bax, ibn Qudamanın "Əl-Muğni" kitabına və ibn Həzmin "Əl-Muhəllə" kitabına.

Vəlinin şərtləri:
1-Həddi-buluğa çatması və ağıllı olması gərəkdir (səfeh və həddi-buluğa çatmayan, qadına vəli ola bilməz).
2-Kişi olmalıdır (qadın qadına vəli ola bilməz).
3-Müsəlman olmalıdır (kafir müsəlman qadına vəli ola bilməz).
Allah ﷻ buyurur:
"...Allah kafirlərə möminləri məğlub etməyə yol verməyəcəkdir".
(Ən-Nisə, 141 ayə)
4-Zahirən adil və müdrik olmalıdır. Çünki, vəli nigahlanan müsəlman qadını kimə nigahlandırdığını bilməlidir. Yəni, həmin müsəlman qardaş haqqında məlumatlı olmalıdır. Çünki o, hakim və qazini əvəz edir. Və bu məsuliyyəti boynuna götürür.


Sual: həmin qadının nigahında vəli olan şəxsin, qadın ailə qurduqdan sonra, onun həyatı ilə maraqlanması, telefonla əlaqə saxlaması və ya yazışması islam dinimizdə icazəlidirmi? Yəni, sanki o, həmin qadının atasının və ya doğma qardaşının vəzifəsini yerinə yetirmək istəyir və bu nə qədər doğrudur?

Cavab:
Həmin vəlinin, evləndirdiyi qadının həyatı ilə uzaqdan maraqlanması eyb etməz. Təbii ki, bunda ciddi səbəb varsa. Uzaqdan deyəndə, yəni vəli öz zövcəsi vasitəsi ilə və ya qadının əri ilə əlaqə saxlayıb maraqlana bilər. Bu eyb etməz, bəyənilir.

Amma, vəlinin özünü qadının atası və ya hər hansı başqa məhrəmi kimi zənn edib qadınla danışması, onunla səfər etməsi, ona toxunması və sair bunların hamısı əsl cahillikdir.
Çünki, İslam dinimiz kişiyə halal olmayan qadınla, qadına isə naməhrəm kişi ilə lüzumsuz, ciddi ehtiyac, səbəb olmadan söhbət etməsi, əlaqə saxlaması, telefonla danışması, yazışması, səfərə çıxması və sair qəti şəkildə olmaz, dinimizdə haramdır.

Allah ﷻ buyurub:
Sizlərdən hər kəs maddi imkanı olmadığına görə azad mömin qadınlarla evlənə bilmirsə, onda sahib olduğu mömin kənizlərdən alsın. Allah sizin imanınıza daha yaxşı bələddir. Siz bir-birinizdənsiniz. Bu kənizlər namusunu qoruyan, zinakarlıq etməyən və aşna saxlamayan qadınlardırsa, onlarla sahiblərinin icazəsi ilə evlənin və mehrlərini şəriətə müvafiq qaydada verin...".
(Ən-Nisə, 25 ayə)

"...və aşna saxlamayan qadınlardırsa..."
Bu ayə qadınlara aiddir.

Allah ﷻ buyurub:
" ... İsmətli mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır..."
(Əl-Məidə, 5 ayə)

"...və aşna saxlamamaq şərti ilə..."
Bu ayə isə kişilərə aiddir.

Şəkk yoxdur ki, həmin vəlinin qadınla söhbət etməsi və onun həyatı ilə maraqlanması fəsada aparan yoldur.
Allah ﷻ buyurur:
"Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin. Allaha qorxu və ümidlə yalvarın. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır".
(Əl-Əraf, 56 ayə)

Bu qədər.
والله أعلم

✍🏻  سليمان أبو إبراهيم الأذري
1438/8/1 هـ.