Namazda təkbir zamanı əlləri qaldıraraq, baş barmaqları qulaqların məməcik hissəsinə yapışdırmağın hökmü nədir?



Namazda təkbir zamanı əlləri qaldıraraq, baş barmaqları qulaqların məməcik hissəsinə yapışdırmağın hökmü nədir?
                          (Xülasə)

بسم الله الرحمن الرحيم، الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين وبعد؛

   Bu məsələ ilə bağlı, bir neçə qaynağa qayıtdıqdan sonra, bu haqda xülasəni Allahın izni ilə sizə təqdim edirəm.

1. Qədim alimlər bu məsələni öz kitablarında qeyd etməyiblər. Lakin onlardan sonra gələn hənəfi məzhəbindən olan bəzi alimlər bu məsələni qeyd ediblər.

2. Hədislərdə zikr olunan ərəb dilində "həzvu", "muhaza", "hiyəl" sözlərinin mənası - "qabağında", "qarşısında", "səviyyəsində" - kimi tərcümə edilir. Lakin heç bir ərəb lüğətinin qaynağına müraciət edərək, bu sözün "yapışdırmaq" kimi tərcümə edildiyini, tapmaq mümkün deyil. Bu isə, düşünməyə vadar edir.

3. Alimlər namazda əllərin qaldırılmasının səviyyəsini qeyd ediblər. Kimi çiyinlərə qədər,  kimi isə baş barmaqları qulaqların məməciklərinə qədər qaldırılmasını zikr edib. Səhabələrdən (Allah onlardan razı olsun) məhz bu növ ixtilaf zikr olunub.
(Şərh: Qulaqların məməcikləri - sırğa taxılan yer.)

4. Qədim alimlər əlləri çiyinlər səviyyəsinə qaldırarkən, baş barmaqları və əlləri çiyinlərə toxundurmağı qeyd etmədikləri kimi, həmçinin əllərin baş barmaqlarını qulaqların məməciklərinə toxundurmağın lazım olduğunu da qeyd etməyiblər.

5. Bu məsələni qədim alimlərdən sonra gələn hənəfi məzhəbindən olan, yalnız bəzi alimlər qeyd edib, hamısı deyil. Beləliklə, onlar əksər alimlərə, hətta öz hənəfi məzhəbin böyük alimlərinə belə muxalif olublar.

6. Bilmək lazımdır ki, əllərin baş barmaqlarını qulaqların məməçik hissəsinə yapışdırıb təkbir etmək, nə Allah rəsulundan ﷺ heç bir hədisində, istər səhih və yaxud zəif olsun, nə də ki, səhabələrdən və onlardan sonra gələn tabeinlərdən və alimlərdən (Allah hamısından razı olsun) bu haqda qeyd olunmayıb.

7. Əl-Həsən əl-Buveysiri, Humeyd ibn Hiləl və başqaları, səhabələrin namazda təkbir edərək, əllərin baş barmaqlarını qulaqların məməçik hissəsinə yapışdırdıqlarını heç birindən rəvayət etməyiblər.

8. İlk olaraq bu məsələni kim zikr edib?
Yəni əllərin baş barmaqlarını qulaqların məməcik hissəsinə yapışdırılmasını kim deyib?
Hənəfi alimlərindən olan Əhməd ibn Muhammad Ət-Təhtahavi (1231) buyurub ki, əllərin baş barmaqlarını qulaqların məməcik hissəsinə yapışdırılmasını qədim kitablarda tapmaq mümkün deyil. Bu məsələni ilk olaraq Fəxruddin əl-Həsən ibn Mənsur Qadıyxan, əl-Məturidi etiqadında olan, 592 vəfat etmiş, hənəfi kitablarına daxil etmiş və əz-Zahiriyyə zikr edib. Həmçinin bu sözləri Xəlil Əhməd əs-Səharanfuri (1346) təsdiqləyir.

Bu məsələni Qadıyxandan digər hənəfi alimlər nəql edib və beləliklə, bu məsələ müasir kitablarda məşhurlaşır.
    Qadıyxandan sonra olan hənəfi alimlər bu məsələdə fikir ayrılığına düşüblər:

- Bəziləri bu əlavəni kitablarında qəbul edib.

- Bəziləri isə, bu əlavənin ilk hənəfi kitablarında olmadığına əsasən qəbul etməyib, əksinə rədd edib. Muhammad əl-Quhustəni (953), əl-Mullə Əli əl-Həravi (1401) və Əhməd ibn Muhammad Ət-Təhtahavi (1231) və bir çox başqaları kimi.

- Hətta bəzi hənəfi alimlər  bu məsələnin zəif və müasir olduğunu (قيل) "qıyla" sözünü kitablarında istifadə edərək, mənası - "deyilib", bildiriblər.

- Bəziləri isə, bu məsələyə öz kitablarında nə rədd verib, nə də ki, onu ümumiyyətlə zikr ediblər.

- Bəzi alimlər isə buna açıqlama verməyə cəhd ediblər. Misal olaraq Abdul Hey əl-Ləknəvi (1304) buyurub ki, əllərin baş barmaqlarını qulaqların məməcik hissəsinə yapışdırmaq - yaxınlaşdırmağın mənasındadır.

- Bəzi alimlər isə, həqiqi yapışdırmaq deyil, yaxınlaşdırmaq üçün bu sözdən istifadə olunub, buyurublar. Bununla, əllərin baş barmaqlarını qulaqların məməçik hissəsinə yapışdırılması - təhqiq olur, yəni tətbiq olur, buyurublar.

9. Nəyə görə müxalif olublar, səbəbi nədir?
Səbəb: "həzvu", "hiyəl" sözün "səviyyəsində" mənasını açıqlayaraq, insanlara məhz bu cür çatdırmaq mümkündür zənn edib, ictihad ediblər. Yəni onlar baş barmaqlarını yapışdırmaqla - yaxınlaşdırmağın göstərilməsini demək istəyiblər. Və hədisdə zikr olunan "həzvu", "muhaza", "hiyəl" sözlərinin tərcümə mənalarını yapışdırmaqla göstərərək bildiriblər.

10. Və sonda, əlləri qaldıraraq qulaqların məməçik hissəsinə yapışdırmağın, bu əməlin dində əlavə olduğunu bizə aydın olur. Alimlər hökmünü - bidət və vəsvəsə olduğunu bildirirlər.

✍🏻 Suleyman Cəlil.
1439/10/05 əsr vaxtı, məğribdən qabaq yazıb tamamladım. Əlhəmdulillah.

             ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈