Quran ayələri ilə bağlı səhabələrin Peyğəmbərə verdiyi suallar.


Quran ayələri ilə bağlı səhabələrin Peyğəmbərə 
ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) verdiyi suallar.

                   - Birinci ayə -

Uca Allah buyurur:

غَیۡرِ ٱلۡمَغۡضُوبِ عَلَیۡهِمۡ وَلَا ٱلضَّاۤلِّینَ

"qəzəbə uğramışların və azmışların yoluna yox!"

📗 Qurani Kərim, Fatihə sürəsi, 7 ayə.

Adi ibn Hətim (səhabə Allah ondan razı olsun) deyir ki, bu ayə nazil olanda Peyğəmbərdən soruşdum: "qəzəbə uğramış" - kimlərdir?, dedi ki: "Yəhudilər."
Bəs "yollarını azmış" - kimlərdir?, dedi ki: "Nəsranilər." Əsərin sənədi yaxşıdır.


     - Ayənin təfsir edilmə tarixi -

Ayənin təfsir edilmə tarixi Adi ibn Hətimin islamı qəbul etdiyi vaxta təsadüf edir. O, hicrətin 9 ilində Peyğəmbərin ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına nəsrani olaraq gəlmiş və islamı qəbul etmişdir.

    Fatihə sürəsi Məkkədə nazil olmasına baxmayaraq, görünən odur ki, ayənin təfsiri hicrətin 9-cu ilində açıqlanmışdır. Lakin rəvayətlərə görə, ayənin təfsiri ondan öncə tarixlərə də təsadüf edir. Məsələn:
1. Abdullah ibn Şəqiq bir nəfərin Peyğəmbərdən ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) eşitdiyini deyir ki, Peyğəmbər ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Vadi əl-Qurada atın üstündə idi.(1) Bəlqeyndən (qəbilədir) bir kişi Peyğəmbərdən ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vadidə yaşayan kəndlərin əhalisi barədə soruşdu: "Onlar kimlərdir?" Peyğəmbər: "Onlar qəzəbə uğramış", dedi və əli işarə edib yəhudiləri göstərdi. Kişi yenə dedi: "Bəs onlar kimlərdir?" Peyğəmbər: "Yollarını azmış", dedi və nəsranilərə tərəf əli işarə etdi.

2. Eyni sualı əbu Zərr (Allah ondan razı olsun) Peyğəmbərdən ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşur və eyni cavabı alır. Lakin əbu Zərr (Allah ondan razı olsun) bu sualı nə zaman verib, tarixini bilmək mümkün olmayıb.
Beləliklə, bəlli olur ki, səhabələr bu ayənin təfsirini Adi ibn Hətimdən öncə bilirdilər.


    - Ayənin təhlili - 

Təfsir alimləri bu ayənin nazil səbəbində ixtilaf ediblər.
Birinci görüşdə olanlar buyurblar ki, "Qəzəbə uğramış - yəhudilərdir. Yollarını azmış isə -nəsranilərdir." Bu görüşdə olanlar: ibn Məsud, ibn Abbas, Mucahid, əs-Suddi, Zeyd ibn Əsləm, Rabiə ibn Ənəs və başqaları. Həmçinin, bu görüşdə cumhur təfsir alimləri vardır. Hətta onlar da icma olduğunu qeyd ediblər. İcmanın olmasını ilk olaraq İbn əbi Hətim və sonra əs-Səmərqəndi, əl-Məvərdi, əş-Şəukəni və əl-Qənvəji nəql ediblər.

İkinci görüşdə olanlar isə, "Qəzəbə uğramış - haqqı bilib ondan üz döndərənlərdir. Yollarını azmış isə - haqqı, cahilliklərindən və zəlalətə düşdüklərindən tərk edənlərdir", buyurublar. Bu görüşdə olanlar: Beydavi, ibn Adil, əl-Qasimi, Muhammad Rəşid Rıda, əl-Məraği, ibn Aşur, Səədi və ibn Useymin.

Diqqət yetirin ki, ikinci görüşdə olanların təfsiri ümumidir. Yəni ayənin mənası hamıya şamil edilir, müsəlman və qeyri-müsəlmanları.


Üçüncü görüşdə olanlar: "Qəzəbə uğramış - kafirlər, yollarını azmış isə - münafiqlər", nəzərdə tutulur. Bu görüşdə olanlar Razi, Qurtubi və ibn Adil.


Yenə diqqət yetirin ki, ikinci və üçüncü görüş nə zaman söylənilib? Səhabələrin zamanından sonra.
Səbəb? Onlar ayənin təfsirini daha da geniş vermək istədilər. Lakin ən səhih və doğru görüş məhz birinci görüşdə olanlardır. Çünki dəlilləri hədis və icmadır. Bu isə, həmin görüşün mötəbər və güclü olduğunu göstərir.


Bu qədər.. Uca Allah daha yaxşı bilir.


📝 Qələmə aldı: Suleyman Cəlil.
   
           1441 Səfər ayın 17




____________________________
(1)
 Vadi əl-Qura "Vadinin kəndləri", yəni vadidə çoxlu kənd olduğu üçün həmin ərazi "Vadinin kəndləri" ismini almışdır. Bu gün həmin yerdə şəhər salınıb. Şəhərin adı العلا əl-'Ulə.