Kasıbçılığı özünə şuar etmə!



Bu yazı məhz kasıbçılığı, fəqirliyi özünə şuar edənlər üçün yazılıb. Kimin ki, ağlı yerində (məcnun deyil), gözü görür, əli və ayaqları işləyir. Bu yazı məhz həmin kişi və qadınlara aiddir.

Allah rəsulu ﷺ buyurub:
"Verən əl, alan əldən xeyirlidir"

   Ey adəm oğlu! Müsəlman daim güclü olub.
Allah rəsulu ﷺ buyurub:
"Güclü müsəlman, zəif müsəlmandan daha xeyirlidir"

Valideynlərindən sənə dua etmələrini xahiş et! Onların qulluğunda dur! Gecə namazına dur! Sübh namazını camaatla qıl! Allahdan özünə xeyirli iş yetirməsini dilə! Dualarında işinlə bağlı münasib isim və sifətləri ilə Allahı çağır!

Amma Allahı çağırmamışdan öncə, Rəbbin əmrlərini bacardığın qədər yerinə yetir. Qadağanların hamısından isə əl çək!

   Ey adəm oğlu! Əlində az da olsa olandan sədəqə et ki, Allah malını artırsın. Malına, ailənə, sağlamlığına bərəkət versin.

   Ey adəm oğlu! Maddiyyatın həqiqətən də zəif olsa belə, çalış niyyətini daim islam ümmətinə xeyir verənlərdən edəsən! Çünki bu niyyətlə həm savab qazanmış olarsan, həm də, kim bilir, bəlkə etidyin bu niyyətinə görə, Allah sənə bol ruzi və bərəkət verər ki, onunla ailənə və başqalarına daim sədəqə və hədiyyə edəsən.

Allah rəsulu ﷺ buyurub:
"Niyyətlər əmələ bağlıdır"

   Ey adəm oğlu! Qətiyyən unutma ki, sən müsəlmansan. Sən möminsən. Uca Allah sənin dualarına da cavab verməsə kimə cavab verəcək?! Sən onun dinindən möhkəm tutandan sonra, O, sənin ruzini, bərəkətini bol etməsə kimin ruzi, bərəkətini bol edəcək?!
Müsəlman, mömin hamısından öncə deyilmi?!

Allah Sübhənəhu və Təala buyurur:

وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِنْ بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ

"Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra nazil etdiyimiz kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar."

Bax: Qurani Kərim, Əl-Ənbiyə surəsi, 105 ayə.

Uca Allah buyurur:

وَمَا لَكُمْ أَلَّا تُنْفِقُوا فِي سَبِيلِ اللَّهِ وَلِلَّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ لَا يَسْتَوِي مِنْكُمْ مَنْ أَنْفَقَ مِنْ قَبْلِ الْفَتْحِ وَقَاتَلَ ۚ أُولَٰئِكَ أَعْظَمُ دَرَجَةً مِنَ الَّذِينَ أَنْفَقُوا مِنْ بَعْدُ وَقَاتَلُوا ۚ وَكُلًّا وَعَدَ اللَّهُ الْحُسْنَىٰ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

"Sizə nə olub ki, malınızdan Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası Allahındır. Sizlərdən Məkkənin fəthindən əvvəl xərcləyib döyüşənlər başqaları ilə eyni deyillər. Onların dərəcəsi mallarını fəthdən sonra xərcləyib döyüşənlərdən daha üstündür. Amma Allah onların hamısına ən gözəl olanı vəd etmişdir. Allah sizin nə etdiklərinizdən xəbərdardır."

Bax: Qurani Kərim, Əl-Hədid surəsi, 10 ayə.


Ağsaqqallar deyərdi:
"Səndən hərəkət, Allahdan bərəkət"

   Ey müsəlman qardaş! Özünə iş axtar. Diyarında tapa bilmirsənsə səyahətə çıx, axtar tap. Amma çalış işsiz qalma.

   Ey müsəlman bacı! Valideynlərinə, ərinə bu işdə yardım et! Bacarmırsansa öyrən! Həmd olsun Allaha, indi hər evdə, hamıda internet var. Internet vasitəsilə öyrənmək olar. Bişir, tik, toxu, düzəlt - qoy həyat yoldaşın, övladların, qardaşların onları satsın. Öz pulun olsun. Onunla ailənə kömək etmiş olarsan, sədəqə verə bilərsən. Müsəlman ümmətinə yardım edə bilərsən.

  İbrahim (aleyhis sələmin) birinci gəlininin həyatını yadına salım.

   Bir gün İbrahim (aleyhis sələm) oğlu İsmayılı ziyarət etməyə gəlir. Qapını zövcəsi açır, qarşılayır. İbrahim (aleyhis sələm) ailənin vəziyyəti ilə maraqlanır. Gəlin ailədə olan çətinliklərdən, kasıbçılıqdan İbrahim (aleyhis sələmə) şikayət edir. İbrahim (aleyhis sələm) gəlinə oğlu qayıdanda ona "evin astanasını" dəyişdirməsini tövsiyə edir. Qadın bu sözləri dərk etməyib, İsmayıl (aleyhis sələm) evə qayıdanda ona deyir. İsmayıl (aleyhis sələm) bu sözləri başa düşüb, dərhal zövcəsini boşayır. Başqa birisi ilə yeni ailə qurur.

   Vaxt keçir, İbrahim (aleyhis sələm) yenə oğlunu ziyarət etməyə gəlir. İsmayılı evdə tapmır. İbrahim (aleyhis sələm) gəlindən evin vəziyyətini maraqlanıb soruşur. Yeni gəlin hər şeydən razı olduğunu ona deyir. İbrahim (aleyhis sələm) gəlinə oğlu qayıdanda ona "evin astanasını" bərkitməsini tövsiyə edir. İsmayıl (aleyhis sələm) evə dönəndə atasının bu tövsiyəsini yeni zövcəsindən eşidib şad olur.

Bu qədər.

والله أعلم

 Hazırladı: Əl-Suleyman.
1439-5-17