Əziz qardaşlar, sizə indi böyük alimlərin Azərbaycan tələbələrinə nəsihət fetvasını göndərirəm.
Bu fetva nəinki Azərbaycanda, hətta digər ölkələrdə yaşayan elm tələbələrinə də aiddir. Həmçinin bu nəsihət ümumi müsəlmanlara da aiddir.
Böyük alimlərin sizlərə olan bu gözəl nəsihətini diqqətlə oxuyun, tətbiq edin və öz məclislərinizdə paylaşın. Nəsihət fetvasını, sizə göndərdiyim tərtiblə öz məclislərinizdə paylaşın.
Ümid edirik ki, bu nəsihəti oxuyan və onu yaşayan müsəlmanlar dillərini, əməllərini, qəlblərini bundan sonra qoruyacaqlar, in şaa Allah.
Allah ﷻ sizləri bu və digər məclislər üçün xeyir işlərə açar etsin. Amin.
┈┉┅━❈▫❈ 1⃣ ❈▫❈━┅┉┈
Mərhəmətli və rəhimli Allahın adı ilə
Həmd yalnız təkcə Allahadır. Özündən sonra heç bir elçi gəlməyəcək Peyğəmbərə salavat və salam olsun.
Daimi fətvalar komitəsi, hörmətli müftiyə Azərbaycandan olan S.K.C. adlı şəxsin göndərdiyi sualla tanış oldu. Böyük Alimlər Şurasının baş idarəsindəki Fətvalar Komitəsinə (37025021) rəqəmli və 4/12/1437 hicri tarixli sual daxil olmuşdur. Sualın mətni belədir:
Sual yığcam olaraq belədir: İslam Universitetinin məzunları olan bir sıra dəvətçilər və elm tələbələri vardır ki, onlar iyirmi ildən bəri elmin və dəvətin yayılmasında bir-birinə yardımçı olmuşlar. Indi isə onların arasında özlərindən əvvəlki tayfalarda baş verən parçalanma və ixtilaf kimi xəstəlik baş qaldırmışdır. Iş o yerə gəlib çatıb ki, artıq onlar bir-birindən ayrı düşərək hər biri özünün haqlı olduğunu iddia edir, hər biri ayrı söz deyir. Beləliklə də elmin və dəvətin yayılması işlərində səyləri zəifləyib. Sizdən istəyi budur ki, bunları birləşdirmək, ixtilafları tərk etmək, elmin, dəvətin və xeyrin yayılmasında köməkləşmələri üçün nəsihət edəsiniz.
Komitə (Ləcnə) sualı araşdırdıqdan sonra belə cavab verdi: “Müsəlmanlara vacibdir ki, öz aralarında mərhəmətli olub qardaşlığı qorusunlar, parçalanmanı və ixtilafları tərk etsinlər. Allah təalə belə buyurur:
《واعتصموا بحبل الله جميعا ولا تفرقوا واذكروا نعمت الله عليكم اذ كنتم اعداء فالف بين قلوبكم فاصبحتم بنعمته اخوانا》
(ال عمران 105)
“Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!”
(Əli İmran 103.)
《ولا تكونوا كالذين تفرقوا واختلفوا من بعد ما جاءهم البينات واولئك لهم عذاب عظيم》
(ال عمران 105)
Allah təalə buyurur:
“(Allahdan tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar.”
(Əli İmran 105.)
《ولا تنازعوا فتفشلوا وتذهب ريحكم》
(الانفال 46)
Allah təalə buyurur:
“Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz.”
(əl-Ənfal 46)
Müslimin (2546) Əbu Hüreyradan rəvayət etdiyi hədisdə deyilir ki, Peyğəmbərimiz ﷺ (Ona salavat və salam olsun) belə buyurdu: “Ey Allahın qulları qardaş olun. Müsəlman müsəlmanın qardaşıdır, ona zülm etməz, alçaltmaz, onu təhqir etməz.”
Yenə də Müslimin (2586) Numan ibn Bəşirdən rəvayət etdiyi hədisdə deyilir ki, Peyğəmbərimiz ﷺ (Ona salavat və salam olsun) buyurub: “Möminlərin bir-birinə qarşı sevgisinin, rəhmətinin, həssaslığının misalı bütöv bir bədənin misalı kimidir. Əgər bədən üzvlərindən biri xəstələnərsə, digərləri də yuxusuzluq və qızdırma içində olmaqla onun üçün çalışar, əziyyət çəkər.”
┈┉┅━❈▫❈2⃣❈▫❈━┅┉┈
İxtilafları kənara qoyaraq müsəlman camaatından yapışmaq vacibdir. Peyğəmbərimiz ﷺ (Ona salavat və salam olsun) Hüzeyfə ibn Yəmənə axır zamanların ixtilafları barədə xəbər verəndə Hüzeyfə (Allah ondan razı olsun) dedi: “Həmin şeylərlə qarşılaşsam, mənə nə əmr edirsən?” Rasulullah ﷺ (Ona salavat və salam olsun) dedi: “Müsəlmanların camaatından və imamından möhkəm tutun.” Hüzeyfə dedi: “Birdən onların camaatı və imamı olmadı?” Peyğəmbər ﷺ (Ona salavat və salam olsun) dedi: “Onda həmin firqələrin (bölünmüş dəstələrin) hamısını tərk et. Ölüm gələnədək bir ağacın kökündən yapışmalı olsan belə yapış və həmin hal üzrə sabit qal.” Hədisi Buxari (7084) və Müslim (1847) rəvayət etmişlər.
Əqidə eyni olduğu halda, Allahın Kitabına, Rasulunun ﷺ (Ona salavat və salam olsun) Sünnəsinə qayıdıldığı halda biri-biri ilə ziddiyyət təşkil edən camaatlara və firqələrə bölünmək icazəli deyildir.
Bəzən iş o həddə çatır ki, bir zaman Sələf mənhəci üzərində bir olan hansısa toplum indi parçalanıb tamam başqa bir camaata çevrilir ki, bu da müsəlmanları zəiflədir, onları rüsvay edir və haqqa dəvət etmək əvəzinə insanları qınamaqla məşğul edir.
Elm tələbələrinin və dəvəti çiyinlərində daşıyanların üzərinə düşən budur ki, ixtilaf ortaya çıxdığı zaman onu Allahın Kitabına və Rasulunun ﷺ (Ona salavat və salam olsun) Sünnəsinə qaytarsınlar.
Allah təalə buyurur:
وما اختلفتم فيه من شيء فحكمه الى الله (الشورى 10)
“Siz nəyin barəsində ixtilaf etsəniz, onun hökmü yalnız Allaha aiddir.”
(əş-Şura 10)
Yəni ki, Allahın Kitabına və Peyğəmbərinin (Ona salavat və salam olsun) Sünnəsinə. Necə ki, Allah təalə buyurur:
《فان تنازعتم في شيء فردوه الى الله والرسول ان كنتم تؤمنون بالله واليوم الآخر》
(النساء 59)
“Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin!”
(ən-Nisə 59)
O ki, qaldı dinin əsaslarından olmayan fiqhi məsələlərdəki ixtilaflara, bundan ötrü bölünmək və ədavət saxlamaq lazım deyil. Madam ki, ixtilaf dəlillər üzərində hökmlərin çıxarılması üçün səhih ictihaddan irəli gəlir, təəssübkeşlik və təfriqəçilikdən irəli gəlmir, bu cür ictihadın ortaya çıxardığı ixtilafa görə bölünmək olmaz. Səhabələr fiqhi məsələlərdə ixtilaf edirdilər, lakin onlar bundan ötrü nə düşmənçilik edir, nə də biri-biri ilə əlaqələri kəsirdilər. O cümlədən bu ümmətin xeyirli əsrlərdə yaşayanları, həmçinin onların ardınca gələn sonrakı nəsillər də bu məsələdə onların tutduğu yola tabe olmuşlar.
Bəzi elm tələbələrinin və dəvəti çiyinlərində daşıyanların arasında baş verən parçalanma və ixtilaflar bizi çox məyus edir. Onların bu əməlləri üzərində bir-birlərinin cərh edilməsi, bir-birindən çəkindirməsi və tərk edilməsi ilə məşğul olmaq kimi işlər qurulur.
┈┉┅━❈▫❈3⃣❈▫❈━┅┉┈
Hərdən isə bəziləri hətta başqalarının niyyətlərinə belə müdaxilə etməyə çalışır və bir qardaşı hansısa məsələdə susduğuna və ya ona müxalif münasibət bildirdiyinə görə ittiham edir. Bunlara öz aralarında sevgi və mərhəmət bəsləmələri, hikmətlə, gözəl nəsihətlə elmin və haqq dəvətin yayılması yolunda bir sırada, bir səfdə durmaları vacibdir. Öz aralarında baş verənlərdə birlik və mərhəmət yolunu tutmalı, biri birilərinə mehribanlıqla və mülayimcəsinə öyüd-nəsihət etməlidirlər. Peyğəmbərimiz (Ona salavat və salam olsun) bizə mehribanlığı və ona rəğbət göstərməyi əmr edərək buyurur: “Asanlaşdırın çətinləşdirməyin, müjdələyin qaçırmayın.” Hədisi Buxari (69) və Müslim (1734) rəvayət etmişlər.
Hərdən də elə olur ki, birisi öz qardaşı haqqında tənə vuran sözlər danışmağı icazəli sayaraq iddia edir ki, guya bu “cərh və tədil” barədə sünnəni dirçəltməkdir. Halbuki bu, öz sahibinə üz vermiş bir xətadır. O bunu lazimi yerdə istifadə etməmişdir. Belə ki, alimlərin sələfləri bunu öz elm tələbəsi olan qardaşlarının cərh olunması üçün yol etməmişlər. Əksinə demişlər: “Alimlərin əti zəhərlidir. Allahın qanunu isə budur ki, onların (alimlərin) haqqına xələl gətirənləri rüsvay etsin.”
Möminlərə əziyyət verməkdən və onların şərəf və ləyaqətinə toxunmaqdan çəkinmək lazımdır. Allah təalə belə buyurur:
《والذين يؤذون المؤمنين والمؤمنات بغير ما اكتسبوا فقد احتملوا بهتانا واثما مبينا》
(الاحزاب 58)
“Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!”
(əl-Əhzab 58)
Buxari öz “Səhih” əsərində (6502) Rasulullahın ﷺ (Ona salavat və salam olsun) belə buyurduğunu rəvayət etmişdir: “Allah belə deyər: Kim mənim dostuma qarşı düşmənçilik edərsə, Mən ona qarşı müharibə elan edərəm.”
Buxari (6475) və Müslimin (74) Əbu Hüreyradan rəvayət etdikləri başqa hədisdə Peyğəmbər ﷺ (Ona salavat və salam olsun) belə buyurmuşdu: “Kim Allaha və axirət gününə inanırsa, ya xeyir söz danışsın ya da sussun!”
Elm tələbəsi kiminsə sözünə dəstək olmaq üçün yanında yer alıb təəssüblə başqasına qarşı çıxmaz. Çünki həmkarların (eyni səviyyədə olan elm əhlinin) bir-birləri haqqında dedikləri (tənqidi) sözlər kənara qoyularaq nəql edilməz.
Elm tələbəsinin üzərinə düşən budur ki, qardaşının etdiklərinə görə ona üzr axtarsın. Əhli Sünnənin mövqeyi budur ki, alim xata etdikdə ona üzr gətirilər, əksinə olaraq ona bidətçi deyilməz, əlaqələr kəsilməz. Niyyətlərində axtarış etməklə özünü yormaz.
┈┉┅━❈▫❈4⃣❈▫❈━┅┉┈

Şəkk yoxdur ki, Əhli Sünnə arasında ixtilaf müsəlmanları bölən və İslam dəvətinin qarşısına sədd çəkən bir fitnədir. Bəzi tələbələr isə Peyğəmbərin ﷺ (Ona salavat və salam olsun) mirasına dəvət etməklə məşğul olmaq əvəzinə özlərini bir-birini məzəmmət etməklə məşğul ediblər. Fətvalar Komitəsi Azərbaycanda və digər yerlərdə yaşayan bütün tələbələri təfriqəçiliyi, parçalanmanı bir kənara qoyub sözlərini birləşdirməyə dəvət edir. Onların üzərinə düşən İslam dininə dəvət etmək, müsəlmanlara dini məsələləri öyrətmək, qəlbləri birləşdirəcək və sözləri bir edəcək şeylərə səy göstərməkdir. Onlar üçün işlərinin əvvəlində də, sonunda da xeyir yalnız bundadır.
Müvəffəqiyyət yalnız Allahdandır.
Peyğəmbərimiz Muhəmmədə, ailəsinə və əshabələrinin hamısına Allahın salavatı və salamı olsun.
Daimi Fətvalar Komitəsi
27037 nömrəli fətva
Tarix 21/2/1438 hicri
Sədr: Abdul-Əziz ibn Abdullah ibn Muhammad Əli Şeyx
Üzv: Abdullah ibn Muhammad əl-Mutlaq
Üzv: Saleh ibn Favzan əl-Favzan
Üzv: Abdul-Kərim ibn Abdullah əl-Xudeyr
Üzv: Muhammad ibn Həsən Əli Şeyx
Üzv: Abdullah ibn Muhəmməd ibn Xuneyn