Ağıl sahiblərinə xatırlatma!



Uca Allah buyurur:
Şübhəsiz ki, ayələrimizi yalan sayanlara və onlara təkəbbürlüklə yanaşanlara göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçməyincə onlar Cənnətə girməyəcəklər. Biz günahkarları belə cəzalandırırıq.

Onların Cəhənnəm odundan yatağı və yorğanları olacaqdır. Biz zalımları belə cəzalandırırıq.

İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik.

Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq. Onların ayaqları altından çaylar axacaq. Onlar deyəcəklər: “Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbimizin elçiləri haqqı gətirmişdilər”. Onlara belə xitab ediləcəkdir: “Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!”

Cənnət əhli Od sakinlərini səsləyib deyəcəklər: “Biz Rəbbimizin bizə vəd etdiyinin doğru olduğunu gördük. Siz də Rəbbinizin sizə vəd etdiyinin doğru olduğunu gördünüzmü?” Onlar: “Bəli!”– deyəcəklər. Bu zaman onların arasında bir carçı səsləyib deyəcəkdir: “Allahın lənəti olsun zalımlara!

O kəslərə ki, insanları Allah yolundan sapdırır, onu əyri göstərməyə çalışır və axirəti inkar edirdilər”.

Hər iki tərəfin arasında pərdə və səddin üzərində hər kəsi simasından tanıyan insanlar olacaqdır ki, onlar Cənnət əhlini səsləyib: “Sizə salam olsun!” deyəcəklər. Halbuki özləri çox istədikləri halda hələ Cənnətə girməyəcəklər.

Onların gözləri Od sakinlərinə tərəf çevrildikdə isə deyəcəklər: “Ey Rəbbimiz, bizi zalımlara tay tutma!”

Sədd əhli əlamətlərindən tanıdıqları adamları səsləyib deyəcəklər: “Sizə nə yığdıqlarınız, nə də təkəbbürlük göstərməyiniz fayda vermədi”.

“Allah onlara mərhəmət nəsib etməyəcəkdir”– deyə barəsində and içdiyiniz kəslər bunlardırmı?” Sədd əhlinə deyiləcəkdir: “Cənnətə girin! Sizə heç bir qorxu yoxdur və siz kədərlənməyəcəksiniz”.

Od sakinləri Cənnət əhlini səsləyib deyəcəklər: “Bizim üstümüzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün”. Onlar isə deyəcəklər: “Allah bunları kafirlərə haram etmişdir”.

O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı. Onlar bu günləri ilə qarşılaşmağı unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq.

(Əl-Araf, 40-51 ayələr)