Ölkədə sufilər və şiələr var. Mən cümə namazını camaatla qılmıram. Belə ki, mən, xarici bir ölkəyə göndərilmişəm. Həmin ölkədə müsəlmanlar azdır və onların arasında şiələr və sufilər də vardır. Mən imamın halını bilmirəm. O, müsəlmandır sünnüdür, ya yox? Onlarla namazı qılmamağımın hökmü nədir? Bilərək ki, məscid uzaqda yerləşir və mən azanı eşitmirəm.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Əlhəmdulilləh.
CAVAB: Əvvəla camaat namazı azanı eşidən üçün vacibdir. Əgər sənin evin məsciddən uzaqdırsa, sən də müəzzinin mikrafonsuz şəkildə səsini ucaldaraq verdiyi azanı eşitmirsənsə və bu zaman külək əsmirsə, səs-küy və sairə eşitməyə təsir edən amillər yoxdursa, sənin məscidə camaat namazı qılmağa gəlməyin vacib deyil. Bunun izahı 21969 və 20655 nömrəli sualda keçmişdir.
Cümə namazına gəlincə, alimlər yekdilliklə (icma ilə) qərar vermişlər ki, o, şəhərdə olan hər bir kişiyə vacibdir. İstər azanı eşitsin, istər eşitməsin. Şəhərin kənarları nə qədər uzansa da belədir.
Bunun izahı üçün 39054 -cü sualın cavabına bax.
İkincisi, nə qədər ki, imam zahirən müsəlmandı, cüməni tərk etmək olmaz. Cüməni və camaatı onun şiə və ya sufi olduğunu ehtimal edərək, arxasında qılmağı tərk etmək olmaz. Yalnız cümə və camat namazlarını fitnə olmayacaqsa, doğru yolda olması və düzgün minhəcə yiyələnməsi ilə tanınan başqa birinin arxasında qılmaq mümkün olarsa, belə edilə bilər. Bu cür adamın arxasında qılmaq daha yaxşı və əfzəldi.
Əsl, müsəlman barədə yaxşı zənn etmək və onun dini və minhəci haqqında bilinən bir ləkə olmadıqca, ləkə yaxmamaqdır. Necə ki, üstün rəyə əsasən, İslamda olmasına hökm verdiyimiz hər bir şəxsin arxasında qılınan namaz səhihdir. Nə qədər ki, təkfir edilən işlərə düşməyib. Məsələn, Quranın təhrif olunmasını etiqad etmək və ya Peyğəmbərin ﷺ (sallallahu aleyhi və səlləm) səhabələrini təkfir etmək və yaxud ölülərə dua etmək və onlardan kömək istəmək. Beləsinin arxasında namaz qılınmaz.
Şeyxulislam İbn Teymiyədən (rahiməhullah) muraziqələrin arxasında namaz qılmaq və onların bidətləri barədə soruşduqda, o demişdir:
"Dörd imamın və müsəlmanların digər imamlarının yekdil rəyinə əsasən, bidəti və fasiqliyi bilinməyən birinin arxasında beş namazı, cüməni və başqa namazları qılmaq insana icazəlidir. İmamın arxasında qılanın imamın etiqadını bilməsi imamlıq şərtlərindən deyildir. Onu imtahan etməsi və ona: "Sən nə etiqad edirsən?" - deməsi, düzgün deyil. Əksinə halı naməlum olanın arxasında namaz qılır.
Hətta fasiq və ya bidətçi olması məlum olan birinin arxasında namaz qılsa belə, onu namazının səhihliyi barədə Əhmədin və Məlikin məzhəbində iki məşhur rəy var. Şəfii və Əbu Hənifənin məzhəbində isə, onun namazı səhihdir.
Əgər məmum (yəni, imamın arxasında namaz qılan) bilsə ki, imam bidətinə dəvət edən bidətçidir və ya günahı aşkarda olan bir fasiqdir, lakin bununla yanaşı o, təyin olunmuş imamdır və namaz yalnız onun arxasında qılınır, məsələn, cümədə, bayramda, həcc mövsümündə Ərafada və digər namazları qıldıran imamlar kimi, bu halda bütün sələf və xələfə görə məmum (imamın arxasında qılan) onun arxasında namaz qılır. Bu, Əhmədin, Şəfiinin, Əbu Hənifənin və digərlərinin məzhəbidir.
Buna görə də əqidə kitablarında:
"Hər bir saleh və günahkar imamın arxasında Cümə və bayram namazları qılınır." - deyilir.
Həmçinin əgər kənddə yalnız bir imam varsa, onun arxasında camaat namazı qılınar. Belə ki, camaat namazı tək qılanın namazından daha xeyirlidir. Hətta imam fasiq olsa belə, camaatla qılınır. Bu, cumhur alimlərin, Əhmədin, Şəfiinin və başqalarının məzhəbidir. "Fərdi qılanlara camaatla qılmaları vacibdir" rəyi, Əhmədin məzhəbində aşkar bildirilir. İmam Əhmədə və digər sünnə imamlarına görə, kim cüməni və camaatı günahkar imamın arxasında qılmazsa, o, bidətçi sayılar...
Səhih budur ki, qılır və bir daha təzədən qılmır. Həqiqətən də, səhabələr Cüməni və camaatı günahkar imamların arxasında qılardılar və bir daha yenidən həmin namazı qılmazdılar. Necə ki, İbn Ömər, əl-Həccəcin arxasında, İbn Məsud və qeyriləri isə, əl-Valid ibn Uqbənin arxasında namaz qılardılar. Baxmayaraq ki, o, (xamr yəni, ağlı başdan çıxaran) içki içirdi...
Fasiq və bidətçinin namazı özlüyündə səhihdir. Məmumun belə birinin arxasında namaz qılması, onun namazını batil etmir. Lakin bəziləri beləsinin arxasında namaz qılmağı məkruh (bəyənilməyən) hesab etmişlər. Çünki yaxşı işləri əmr etmək və pis işlərdən çəkindirmək vacibdir. Bidətini və ya günahını aşkar edən kəsin müsəlmanlara imam təyin olunmaması da bu işlərdəndir. O, tövbə etməsi üçün qınanılmağa layiqdir. Əgər tövbə etməsi üçün tərk olunması mümkündürsə, daha yaxşı olardı. Əgər bir qisim insan onun arxasında deyil, başqa birinin arxasında qılarsa, bunun ona təsiri olar və o da, tövbə edər. Yaxud da (bidət və ya günahından) uzaqlaşar və ya insanlar onun kimi günaha son qoyarlar. Belə birinin arxasında namaz qılınmaması məsləhət baxımındandır. Məmum cüməni və camaatı buraxmalı deyil. Əgər kimsə cüməni və camaatı belə imamın arxasında qılmayaraq buraxarsa, o, səhabələrə (Allah onlardan razı olsun) müxalif olan bir bidətçi olar."
📚 Bax: "Məcmu əl-fətəva" (23/351-356).
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Daimi komitənin (əl-Ləcnə əd-Dəimə) alimlərinə belə bir sual verilmişdir:
SUAL: "Əgər heyvanı kəsənin əqidəsi naməlumdursa, onun kəsdiyi heyvanın ətini yeməyin və arxasında namaz qılmağın hökmü nədir?"
CAVAB: "Əgər müsəlman əqidəsi baxımından zahirən naməlumdursa və onun əqidəsində bir azma bilinmirsə, arxasında namaz səhih sayılar və kəsdiyi də yeyilər."
📚 Bax: "Fətəva əl-Ləcnə əd-Dəiməh" (7/365).
Həmçinin orada belə bir fətva da (7/353) verilmişdir: "Bidətçilərin arxasında qılınan namaza gəlincə, əgər bidətləri şirkdirsə, məsələn, Allahdan qeyrisinə dua etmələri, Allahdan qeyrisinə nəzir vermələri və şeyxləri barədə yalnız Allaha aid olan, məsələn, kamil elmə malik olmağı və ya qeyb barədə bilgiləri və yaxud da kainatdakılara təsir etməsi kimi işləri etiqad edərlərsə, onların arxasında namaz səhih sayılmaz.
Əgər bidətləri şirk olmazsa, məsələn, Peyğəmbərdən ﷺ (Ona Allahın salavatı və salamı olsun) varid olan zikrləri camaat şəklində və yırğalanaraq edirlərsə, belələrinin arxasında qılınan namaz səhihdir. Lakin müsəlmanın namaz üçün bidətçi olmayan imam axtarması lazımdır. Bununla da savabı daha böyük olar və munkərdən uzaq qalar."
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Şeyx İbn Bəzdən (Allah ona rəhmət etsin) soruşulmuşdur:
"Bidətlər edənlərlə bir şəhərdə yaşayanın hökmü nədir? Onlarla birgə cümə və camaat namazları qılması düzgündürmü? Yoxsa tək qılmalıdır? Və ya cümə onun üzərindən düşürmü? Əgər bir yerdə Əhli Sünnə on iki nəfərdən az olarlarsa, cümə qılmaları səhihdir ya yox?
CAVAB: "Cümə namazının, hər bir saleh və günahkar imamın arxasında qılınması vacibdir. Əgər cüməni qıldıran imamın bidəti onu İslamdan çıxartmırsa, onun arxasında qılınır. İmam Əbu Cəfər ət-Tahavi (Allah ona rəhmət etsin) məşhur əqidəsində demişdir: "Biz, qiblə əhlindən olan hər bir salehin və günahkarın arxasında namaz qılmağı və onlardan vəfat edənin cənazəsinə dayanmağı düzgün sayırıq."... sonra (İbn Bəz), Şeyxülislamın yuxarıda təqdim olunan sözlərini nəql etdi. Daha sonra dedi:
"İkinci suala gəlincə, bu məsələ barədə elm əhli arasında məşhur ixtilaf var. Doğru rəyə əsasən, cüməni, cümə qılınmayan bir kənddə üç və daha çox yerli adamla qılmaq icazəlidir. Cümənin qılınması üçün qırx, on iki və ya daha az, yaxud da çox adamın şərt olmasının isə, bildiyimizə görə heç bir mötəbər dəlili yoxdur. Vacib olan cüməni camaatla qılmaqdır. Onlar azı üç nəfər olmalıdırlar. Bu, bir qrup elm əhlinin sözüdür. Şeyxulislam İbn Teymiyə (Allah ona rəhmət etsin) də bu rəyi seçmişdir. Bu, doğru rəydir. Necə ki, bildirildi."
📚 Bax: "Məcmu fətəvə əş-şeyx İbn Bəz" (4/303).
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Yuxarıda qeyd olunan problemlərlə bu və digər yerlərdə qarşılaşan şəxs, uca Allaha dəvətdə, əqidələrin düzəlməsində, azanların doğru yola yönəldilməsində hikmətlə, gözəl nəsihətlərlə və səylərlə yardımlaşmalıdır. Bununla da ən fəzilətliləri və təqvalıları namazda onlara imamlıq edər.
Allahdan bizə və sənə müvəffəqiyyət və doğru yol diləyirik. Allah daha yaxşı bilir.
📚 Bax: İslamqa.info/ar/72441
Fətva : 72441 - 02-09-2005 tarixində yayımı bitmişdir.